ABŞ-nin sabiq prezidenti Co Baydenin oğlu Hanter Bayden yeni rəsm kolleksiyasını satmaq üçün geniş media kampaniyasına başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə The New York Post mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, “Hunter Biden Studio”nun əməliyyat direktoru bildirib ki, 90x90 santimetr ölçülü "Watchers" ("Müşahidəçilər") adlı rəsm əsəri 54 min ABŞ dollarına satışa çıxarılıb. Əsəri alan şəxsə əlavə olaraq Hanter Baydenlə şəxsi videozəng imkanı təqdim olunur və o, bu görüş zamanı rəsm haqqında özü məlumat verir.
Nəşrin iddiasına görə, Hanter Bayden son vaxtlar milyonlarla izləyicisi olan sağçı podkast və media platformalarında iştirak etməklə sənət fəaliyyətini yenidən canlandırmağa çalışır. Mənbələr bunu onun rəsm satışlarını artırmağa yönəlmiş marketinq strategiyasının bir hissəsi kimi qiymətləndirirlər.
Bildirilir ki, Hanter Bayden may ayından etibarən sosial şəbəkələrdə fəallığını artırıb.
O, Instagram hesabında özünü rəssam, yazıçı və asılılıqlarla mübarizə fəalı kimi təqdim edir, həmçinin Substack platformasında mütəmadi yazılar paylaşır.
Məqalədə xatırladılır ki, 2024-cü ilin sonunda ABŞ-nin sabiq prezidenti Co Bayden oğlunu silah saxlama və vergi qanunvericiliyinin pozulması ilə bağlı federal işlər üzrə hökm çıxarılmamışdan əvvəl əfv etmişdi.
Bizim.Media




































































































