Kəlbəcər rayonundan olan məcburi köçkün Xudaquliyev Rafiq Lətif oğlu Moderator.az vasitəsilə prezident İlham Əliyevə ərizə ilə müraciət edib:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Gəncə şəhər Gülüstan qəsəbəsi ADAU-nun yataqxanası ətrafında yaşayan Kəlbəcər rayon məcburi köçkünü Xudaquliyev Rafiq Lətif oğlu tərəfindən
Ə R İ Z Ə
Çox hörmətli cənab Prezident!
Məlum edirəm ki, yaxın qohumum Rzayev Azər Sahib oğlunun probleminə görə 23.02.2015-ci il tarixdə Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə getdim. Məni komitənin şöbəsində qarşıladılar. Aftandil adlı bir şəxs şikayətimin nədən ibarət olduğunu soruşdu. Mən onu məlumatlandırdım ki, nəyə görə gəlmişəm. Nəticədə Aftandil müəllim mənə dedi ki, işlərlə komitənin kommunal xidməti rəisi Qəhrəman müəllim baxır, dərdimi ona deyim. Mən həmin günü saat 16:00-a qədər orada gözlədim. Dedilər ki, Qəhrəman müəllim ola bilsin ki, gəlməsin. Get sabah gəl.
Cənab Prezident!
Mən səhərisi gün 24.02.2015-ci il tarixdə səhər saat 9:30-da Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsində oldum, yenidən məni qəbul şöbəsində qarşıladılar. Bir neçə dəqiqədən sonra içəridən bir nəfər şəxs çıxıb Qəhrəman müəllim olduğunu dedi və onu kim soruşduğunu dedi. Mən ona yaxınlaşıb bildirdim ki, onunla görüşmək istəyirəm. Mən Qəhrəman müəllimlə orada, qəbul şöbəsində olan dəyirmi stol arxasında əyləşdim. İstədim ağzımı açıb nəyə görə gəldiyimi deyəm. Qəhrəman müəllim mənə bildirdi ki, Aftandil müəllim onu məlumatlandırıb. Başladı mətləbə daxil olmayan sözlərlə danışmağa. Məni qoymadı ki, nəyə, nə səbəbə gəldiyimi deyəm. Nəhayət mən ona bildirdim ki, icazə ver bir neçə kəlmə mən danışım, bura nə səbəbə gəlmişəm, dərdim nədir? Bildirdim ki, mənim qohumum qohum evində yaşayırdı, indi isə həmin şəxs öz evinə gəlib və ona deyib ki, evdə özü yaşayacaq, özünə yer tapsın. Qohumum olan şəxs yaxınlıqda olan yataqxanada, digər qohumumuza məxsus olan otağa ailəliklə köçdü. İstəyimiz odur ki, onun kommunal xərcləri köhnə ünvanda dayandırıldığı üçün təzə ünvana verilsin. Bizim şikayətimiz bundan ibarətdir. Qəhrəman müəllim oturduğu yerdən ayağa qalxaraq mənə dedi ki, çox nahaq bura gəlmisən. Bütün məcburi köçkünlər bu fırıldaqlıqla məşğuldurlar. Ona görə ki, yataqxanalara yığışıb özlərinə yeni tikiləcək binalardan ev alsınlar. Bir də sənin qohumun necə kişidir ki, 200-300 kubik alıb boş bir yerdə özünə ev tikmir? Cənab Qəhrəman müəllimin bu cür soyuqqanlı danışığından və cavabından sarsıldım, təzyiqim qalxdı, cibimdən dərman çıxararkənsə Qəhrəman müəllim mənə rişxəndlə "bura sənin üçün xəstəxana deyil" atmacasını da atmağı unutmadı...
Cənab Prezident!
Mənim bu yazdıqlarım 10 dəqiqəlik bir uğursuz dialoqun qısa bir hissəsidir. Mən Qəhrəman müəllimi birinci dəfə görürdüm. Onunla heç bir ədavətim, düşmənçiliyim yoxdur. Bu yazdıqlarımsa acı bir həqiqətdir. Bir dövlət məmurunun şəxsən Sizin ən ağrılı yeriniz olan məcburi köçkünlərə qarşı münasibətinizə daban-dabana ziddiyyət təşkil etdiyindən bunu yazmağı özümə borc bildim.
Cənab Prezident!
Mən Qəhrəman müəllimə dedim ki, belə işləri adi qaçqınlar bilməzlər. Çünki Dövlət Başcısının qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün Dövlət proqramı var. Cənab Prezident bildirir ki, mərhələli şəkildə bütün məcburi köçkünlər evlərlə təmin ediləcəkdir.
Cənab Prezident!
Qəhrəman müəllimin nəzərinə çatdırıram ki, bizim üçün ev yox, öz ata-baba yurdumuz lazımdır. Orada adi daxmalarda yaşasaq belə. Mənim 3 oğul övladım var, onlar bu gün tələbədirlər, sabah Azərbaycan əsgəri.
Cənab Prezident!
Komitənin qəbul şöbəsində bir neçə lövhə var, onlardan birini də komitənin əməkdaşlarının vətəndaşlarla davranış və etik norması haqqındadır. Görünür, Qəhrəman müəllim orada işlədiyi müddətdə bu lövhəyə bir dəfə də olsun baxmayıb. Baxsaydı, bəlkə də mənimlə o cür danışmazdı.
Cənab Prezident!
Komitənin qəbul şöbəsində mən 2 gün ərzində bir çox adamlar gördüm, hərə öz dərdindən, problemindən danışırdı. Orada olan cavan bir gəlin qışqıraraq oradakılara deyirdi ki, onun yanında olan 5-6 yaşlı uşaq bu komitədə böyüyür. Onun problemini nə həll edən yoxdur, nə də Cənab Prezidentə çatdıran. Bir də nəzərinizə çatdırıram ki, mən çətin olan və yaxud həlli olmayan qeyri-qanuni olan bir işdən ötəri o komitəyə getməzdim. Bu günə qədər ev və yaxud başqa bir şey üçün nə Sizi, nə də başqa dövlət orqanlarını narahat etməmişəm. Qəhrəman müəllim çörəyini yediyi məcburi köçkünlər özləri üçün evlər tikib yaşayırlar. Bunun üçündə dövlət bəzi sahələrdə öz qayğısını göstərib. Onu da nəzərinizə çatdırıram ki, mən oradan çıxanda səsimi qaldıraraq bildirdim ki, bu haqsızlıq haqqında Dövlət Başcısına müraciət edəcəm. Orada tanımadığım adamlar mənə dedilər ki, bu Qəhrəman müəllim elə-belə adam deyil, köçkün də deyil, Əli müəllimin tələbə yoldaşıdır. Mən onlara bildirdim ki, mən Əli müəllimi televiziyada görmüşəm, onun çıxışlarını bəyənirəm, nədənsə ona hörmətim var. İnanmıram Əli müəllim bu haqsızlığa yol verə. Bir də bizim Prezidentimiz var, mən şəxsən ona müraciət edəcəm. Yəqin ki, haqq-ədalət qalib gələcək. Qaçqın və Məcburi köçkünlərin çörəyini yeyən bu şəxs öz cəzasını alacaq. Əgər o bu köçkünlük həyatını yaşasaydı mən və digər vətəndaşlarla belə davranmazdı.
Cənab Prezident!
Bu ərizəmi Sizə böyük ümidlə yazıram və Sizə güvənirəm.
Ey bu ərizəni qəbul edən şəxs!
Mən bu ərizədə nə görmüşəm olduğu kimi yazmışam. Bu ərizənin yazılma tarixi “Xocalı”x9d soyqırımı gününə düşür.
Sizi and verirəm Xocalı şəhidlərinin ruhuna mənim bu ərizəmi şəxsən Cənab Prezidentə çatdırasınız.
Əlimizdə ADAU 6-nın yataqxanasının rəhbərliyi tərəfindən yaşayış yerindən rəsmi arayış olmasını nəzərə almırlar.
İmza: Xudaverdiyev R.
Tarix: 28.02.2015



































































































