ABŞ Prezidenti Donald Trampın Ağ Evdə keçirilən hərbi təltifetmə mərasimində "Şərəf medalı" (Medal of Honor) ilə bağlı zarafatları beynəlxalq mətbuatın gündəminə düşüb.
Bizim.Media xəbər verir ki, Donald Tramp Vyetnam və Əfqanıstan müharibəsinin bir qrup veteranına ABŞ-ın ən yüksək hərbi mükafatı olan Konqresin "Şərəf medalı"nı təqdim edib.
Tədbir zamanı prezident əvvəlcə medalı veteranın boynuna taxmaqda bir qədər çətinlik çəksə də, sonradan mərasim rəsmi qaydada davam edib.
Lakin gecənin ən çox müzakirə olunan məqamı Trampın hərbi mükafat barədə etdiyi zarafat olub. O, çıxışı zamanı vaxtilə bu medalı özünə vermək istədiyini etiraf edib:
"Dünya yarandığı gündən bəri bu torpaqlarda çox sayda böyük insanlar olub, lakin onlardan yalnız bir neçəsi bizim ən ali hərbi mükafatımız olan Konqresin 'Şərəf medalı'na layiq görülüb. Hətta bir dəfə mən bu medalı özüm-özümə təqdim etmək istəyirdim, lakin mənə bildirdilər ki, qanunla bunu edə bilmərəm. Özümün də bu mükafata layiq görüləcək hər hansı bir hərbi qəhrəmanlığımı tapa bilmədim, ona görə də indi buradayıq".
Qeyd edək ki, ABŞ qanunvericiliyinə əsasən, "Şərəf medalı" yalnız döyüş meydanında öz həyatını təhlükəyə ataraq qeyri-adi rəşadət və qəhrəmanlıq göstərmiş hərbi qulluqçulara prezident tərəfindən Konqres adından təqdim edilir.
Bizim.Media


































































































