Sevgilisini öldürmək istəyən şəxsdən yeni xəbər var

Hazırda oxunan: Sevgilisini öldürmək istəyən şəxsdən yeni xəbər var

646090

Şirvan Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə, oğurluqda və mənzil toxunulmazlığını pozmada təqsirləndirilən Rəşad Fərəcovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Rəşad Fərəcov əvvəllər qeyri-rəsmi ər-arvad münasibətində olduğu həmyerlisi, zərərçəkmiş M.Bəxtiyarovanın onunla əlaqəni kəsməsi və münasibətlərini sonlandırması ilə barışmayıb. O, aralarındakı münasibəti aydınlaşdırmaq və barışmaq məqsədilə Bakı şəhərindən Lənkəran rayonuna gedərək 2025-ci ildə saat 19 radələrində qadının kirayədə yaşadığı mənzilin qarşısına gəlib.

Rəşad Fərəcovun həmin mənzilə daxil olmaq üçün hər hansı icazəsi, razılığı və qanuni əsası olmadığı halda, qadının iradəsinə zidd olaraq qapıdan içəri keçməsi nəticəsində mənzil toxunulmazlığı pozulub.

Sonra Rəşad Fərəcov qonaq otağında M.Bəxtiyarova ilə qarşılaşıb. Qadın onun mənzilə gəlməsinə etiraz edərək qışqırıb və qonşuları çağıracağını bildirib. M.Bəxtiyarova barışmaq təklifini qəbul etmədikdə isə Rəşad ondan qisas almaq və onu öldürmək qərarına gəlib.

İttihamda qeyd olunur ki, o, əvvəlcə qadının üz nahiyəsinə yumruqla zərbə endirərək onu divanın üzərinə yıxıb, daha sonra yastığı üzünə basaraq boğmağa çalışıb. Ardınca üzərində gəzdirdiyi, təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağını çıxararaq qadının həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi nahiyələrə ardıcıl, fasiləsiz dörd zərbə vurub.

M.Bəxtiyarova yerə yıxıldıqdan sonra təqsirləndirilən şəxs onun bədəninə təpiklə də zərbələr endirib.

Nəticədə M.Bəxtiyarovanın qarın boşluğuna nüfuz edən, nazik bağırsağın və bağırsaq müsariqəsinin zədələnməsi, daxili və xarici qanaxma ilə müşayiət olunan bir kəsilmiş-deşilmiş yarası, eləcə də sol kürək, boyun və burun nahiyələrində üç kəsilmiş yara əmələ gəlib. Bundan başqa, hər iki göz qapağı və gözaltı nahiyələrdə, həmçinin sağ dirsək oynağında qançırlar qeydə alınıb.

Qarın boşluğuna nüfuz edən yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma, digər üç kəsilmiş yara isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurma kimi qiymətləndirilib.

Bıçağın dəstək hissəsi qırılaraq zərərçəkmiş şəxsin kürəyində qalıb. Qadının aldığı xəsarətlərdən sonra hərəkətsiz vəziyyətdə qalaraq öldüyü görüntüsünün yaranması səbəbindən Rəşad Fərəcov növbəti bıçaq zərbələrini endirməyib.

Bununla belə, M.Bəxtiyarova təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb və həkimlər tərəfindən vaxtında ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edilib.

Beləliklə, istintaq orqanının qənaətinə görə, Rəşad Fərəcov qisas almaq niyyəti ilə qadını qəsdən öldürməyə yönəlmiş hərəkətlər etsə də, cinayəti öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib.

İttihamda o da bildirilir ki, bıçaqlama hadisəsindən dərhal sonra Rəşad Fərəcov qonaq otağında, divanın üzərində olan M.Bəxtiyarovaya məxsus “iPhone 13 Pro” markalı mobil telefonu gizli şəkildə götürüb. Dəyəri 900 manat olan telefonun talanması nəticəsində zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurulub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Fərəcova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin