Ukrayna pilotsuz uçuş aparatları (PUA) noyabrın 5-nə keçən gecə Rusiyanın Ryazan vilayətinə kütləvi hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı regionun qubernatoru Pavel Malkov yayıb.
Onun sözlərinə görə, Ryazandakı sənaye obyektlərinin ərazisində yanğınlar baş verib, elektrik xətləri zədələnib və şəhərin bəzi hissələrində elektrik təchizatında fasilələr yaranıb. Hücum nəticəsində bir nəfər yaralanıb.
Ukrayna monitorinq kanalları Exilenova+ və Supernova+ hücumun hədəflərindən birinin Ryazan neft emalı zavodu (NEZ) olduğunu müəyyən edib. Şahidlərin foto və videolarına əsasən, zərbələrdən sonra zavodun ərazisində güclü yanğın başlayıb.
“Rosneft” şirkətinə məxsus Ryazan NEZ Rusiyanın ən böyük üç neft emalı müəssisəsindən biridir. Zavod ildə 17 milyon tondan çox neft emal etmək gücünə malikdir. Müəssisə avtomobil benzini, dizel yanacağı, aviasiya kerosini, mazut və bitum istehsal edir. Moskvanı və ölkənin mərkəzi bölgələrini yanacaqla təmin edir.
Bundan başqa, noyabrın 5-nə keçən gecə Ryazanda Wildberries şirkətinin logistika mərkəzi də dron hücumuna məruz qalıb.
Astra nəşrinin məlumatına görə, təxminən 173 min kvadratmetr sahəsi olan paylama mərkəzində zərbədən sonra yanğın baş verib. Yerli sakinlər hadisə barədə məlumat veriblər. Anbar daha əvvəl avqustun 29-da da hücuma məruz qalmış və müvəqqəti fəaliyyətini dayandırmışdı.
Həmin gecə Ukrayna dronları Rostov vilayətinə də hücum edib. Regionun qubernatoru Yuri Slyusar dörd rayonda 50-yə yaxın PUA-nın məhv edildiyini bildirib. Onun sözlərinə görə, xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Voronej şəhəri də dron hücumuna məruz qalıb. Vilayətin qubernatoru Aleksandr Qusev 48 uçuş aparatının aşkar edilərək məhv edildiyini açıqlayıb.
İlkin məlumatlara görə, xəsarət alan olmayıb. PUA qalıqlarının şəhərətrafı əraziyə düşməsi nəticəsində fərdi yaşayış evinin hasarına və yarımqoşquya ziyan dəyib.
Bizim.Media




























































































