Lənkəran rayonunda müəmmalı ölüm hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1962-ci il təvəllüdlü, rayon sakini Ramiz Bəxtiyar oğlu Əliyevin meyiti Ürgə kəndi ərazisində yerləşən qamışlıq sahədə tapılıb.
İlkin məlumata görə, Ramiz Əliyev iki gün əvvəl ov etmək məqsədilə həmin əraziyə gedib, lakin geri qayıtmayıb. Yaxınlarının müraciətindən sonra onun axtarışlarına başlanılıb. Aparılan axtarışlar nəticəsində meyiti qamışlıq ərazidə aşkar edilib.
Meyitə ilkin baxış zamanı mərhumun baş nahiyəsində xəsarət izləri müəyyən olunub. Hələlik xəsarətin yıxılma nəticəsində, yoxsa kənar müdaxilə ilə yaranması məlum deyil.
Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə göndərilib. Ölümün dəqiq səbəbi ekspertiza rəyindən sonra bəlli olacaq.
Qeyd edək ki, 64 yaşlı Ramiz Əliyev Lənkəranda iş adamı kimi tanınıb və restoran sahibi olub.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda hadisənin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində ibtidai istintaq davam etdirilir.
Sabutay, Bizim.Media, Cənub bürosu.































































































