Tatu sevənlər, diqqətli olun - Görmə qabiliyyətiniz itə bilər

Hazırda oxunan: Tatu sevənlər, diqqətli olun - Görmə qabiliyyətiniz itə bilər

646061

Avstraliyalı həkimlər tatu ilə əlaqəli ciddi göz xəstəliyinin onlarla halını qeydə alıblar. Bəzi hallarda bu xəstəlik görmə qabiliyyətinin qismən və ya tamamilə itirilməsinə səbəb olub.

Bizim.Media xəbər verir ki, araşdırma tatu ilə əlaqəli uveit – dəridəki piqmentlərə qarşı immun reaksiyası nəticəsində yaranan gözün damar qişasının iltihabı hallarının artması ilə bağlı aparılıb.
 

“Clinical and Experimental Ophthalmology” jurnalında dərc olunan tədqiqata əsasən, Avstraliyada xəstəliyin daha 40 yeni halı aşkarlanıb. Bu isə 2010-cu ildən bəri dünyada qeydə alınan ümumi halların sayının faktiki olaraq iki dəfə artması deməkdir.


Xəstəliyin qurbanlarından biri aşpaz Nelise Pretorius olub. Onun görmə qabiliyyəti tədricən zəifləsə də, həkimlər uzun müddət problemin səbəbini müəyyən edə bilməyiblər. Sonradan gözlərindəki iltihabın bir neçə il əvvəl kürəyinə etdirdiyi tatuajla əlaqəli olduğu üzə çıxıb.

Həkimlərin sözlərinə görə, belə reaksiya tatudan bir-iki il sonra, bəzi hallarda isə hətta onilliklər keçdikdən sonra da yarana bilər.

Uveit görmənin bulanması, işığa həssaslıq və göz ağrısı ilə müşayiət olunur. Vaxtında müalicə edilmədikdə xəstəlik qlaukoma və geri dönməz görmə itkisinə səbəb ola bilər.

Qeydə alınan halların əksəriyyətində xəstələrə immun sisteminin fəaliyyətini zəiflədən preparatlar da daxil olmaqla, uzunmüddətli müalicə tələb olunub. Bununla belə, yalnız az sayda pasiyent görmə qabiliyyətini tam qoruyub saxlaya bilib.

Mütəxəssislər bildirirlər ki, iltihab daha çox qara piqmentlərlə əlaqələndirilsə də, bəzi hallarda qırmızı və çəhrayı boyalar da bu reaksiyaya səbəb olub. Tatuaj mürəkkəblərinin dəqiq tərkibini müəyyənləşdirmək isə çətindir.
 

Oftalmoloq Jozefin Riçardsın fikrincə, problem immun sisteminin naməlum səbəblərdən göz toxumalarına hücum etməsi ilə bağlıdır. Həkimlər genetik meyillilik və immun sisteminin xüsusiyyətlərinin də bu prosesdə rol oynaya biləcəyini ehtimal edirlər.


Bununla yanaşı, ekspertlər xəstəliyin nadir hallarda baş verdiyini vurğulayırlar.

Onların hesablamalarına görə, Avstraliya əhalisinin 20-30 faizində tatu var və insanların əksəriyyəti belə fəsadlarla üzləşmir.

Həkimlər görmə qabiliyyətinin zəifləməsi, göz ağrısı və işığa qarşı həssaslığın artması kimi əlamətlərə diqqət yetirməyi və bu simptomlar yarandıqda vaxt itirmədən mütəxəssisə müraciət etməyi tövsiyə edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin