Ölkəmizdə hər il 50-60 qaraciyər gözləyən xəstə həyatını itirir. Bununla paralel 550-dən çox şəxs böyrək transplantasiyasına, 260-a yaxın şəxs qaraciyər transplantasiyasına, 50-yə yaxın şəxs ürək transplantasiyasına, 550-dən çox şəxs sümük iliyi transplantasiyasına, 70-ə yaxın şəxs buynuz qişa transplantasiyasına ehtiyac duyur. Bu gün ölkəmizdə 4 mindən çox insan dializ cihazlarından asılı vəziyyətdə yaşayır və onların yeganə çıxış yolu orqan nəqlidir. Hazırda Azərbaycanda ümumilikdə 1 500-ə yaxın şəxs orqan və toxuma transplantasiyasına ehtiyac duyur.
Bu da o deməkdir ki, hər gün 1500 ailənin gözü yol çəkir, hər dəfə qapı döyüləndə telefonun zəngi çalınanda səksəkəylə ayağa qalxır.
Bu dünyada elə xeyirxah əməllər var ki, onların dəyərini nə pulla ölçmək, nə də sözlə ifadə etmək mümkündür. Bəzən bir insanın uzatdığı əl, etdiyi kiçik bir yaxşılıq başqa bir insanın bütün dünyasını dəyişir. Donor olmaq da məhz belə müqəddəs əməllərdəndir. Çünki donor yalnız qanını və ya orqanını bağışlamır, o, kiməsə yaşamaq ümidi, sabaha inam, ailəsinə qovuşmaq, övladının əlindən tutmaq, sevdiklərinin yanında olmaq fürsəti bəxş edir.
Donorluq insanlığın ən ülvi dəyərlərindən biri olan fədakarlığın təcəssümüdür. Bu, insanın özündə olanı başqası ilə bölüşmək, tanımadığı bir insanın həyatına işıq salmaq, onun taleyində ümidə çevrilmək deməkdir. Bəlkə də donorla həyatını xilas etdiyi insan heç vaxt üz-üzə gəlməyəcək. Bəlkə də bir-birinin adını belə bilməyəcəklər. Amma bir həqiqət var, birinin verdiyi həyat payı digərinin ürəyində əbədi döyünəcək.
Təsəvvür edin, xəstəxana otağında övladının sağalmasını gözləyən bir ana var. Hər telefon zəngində bir ümid, hər həkim söhbətində bir təsəlli axtarır. Onun üçün zaman dayanıb, dünya sanki dar bir xəstəxana otağına sığışıb. Elə həmin an haradasa bir donorun qərarı həmin ailənin həyatına yeni nəfəs gətirir. Bir ana yenidən gülümsəyir, bir ata övladını bağrına basır, bir uşaq həyata yenidən sarılır.
Donorluğun yaratdığı sevincin böyüklüyünü bundan daha təsirli nə ifadə edə bilər ki?..
Donor olmaq həm də insanın öz mənəvi dünyasında qazandığı böyük qələbədir. Çünki bu addımda nə şöhrət var, nə də maddi qazanc gözləntisi. Burada yalnız insanlıq, mərhəmət və başqasının dərdinə şərik olmaq hissi var. Ən böyük mükafat isə xilas edilən bir insanın yaşaması, onun ailəsinin sevinc göz yaşlarıdır.
Ölkəmizdə donor olmaq istəyən nə qədər insan var?
Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin məlumatına görə, Azərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün qeydiyyatdan keçib.
Unutmayaq ki, bir meyit 8 insana həyat verə bilər. Ona görə də ölümündən sonra donor olmaq istəyənlərin çoxluğu olduqca vacibdir.
Nəzərə alaq ki, qan donorluğu cəmiyyətimizdə geniş yayılıb. Könüllü qanverənlərin sayı minlərlə ölçülür.
Qan vermək bəzən cəmi bir neçə dəqiqə vaxt aparır, amma həmin dəqiqələr kiminsə ömrünə illər əlavə edə bilər.
Orqan donorluğu isə başqa bir insanın həyatına yenidən başlamaq imkanı verməkdir. Ağır xəstəliklə mübarizə aparan, yaşamaq üçün möcüzə gözləyən insanlar üçün uyğun donorun olması həyatla ölüm arasındakı ümid körpüsünə çevrilə bilər. Bu məsələdə maarifləndirmə, qanunvericiliyə uyğunluq, könüllü razılıq və tibbi-etik prinsiplər xüsusi əhəmiyyət daşıyır.
Unutmayaq ki, böyük mənəvi gücün göstəricisidir.
Başqasının ağrısını hiss etmək, onun həyatına dəyər vermək, tanımadığımız bir insan üçün xeyirxahlıq etmək insanlığın ən ali xüsusiyyətlərindəndir.
Əslində, insanın böyüklüyü yalnız özü üçün qurduğu həyatla deyil, başqalarının həyatına verdiyi dəyərlə ölçülür. Kimlərsə sərvət toplayır, kimlərsə ad-san qazanır, kimlərsə böyük vəzifələrə yüksəlir. Amma elə insanlar da var ki, öz fədakarlığı ilə bir başqasının həyatını xilas edir. Onların adı bəlkə də qəzet səhifələrində yazılmır, tribunadan səsləndirilmir, amma etdikləri yaxşılıq bir insanın ürəyində, bir ailənin yaddaşında əbədi yaşayır.
Donor olmaq sadəcə nəyisə bağışlamaq deyil, yaşamaq sevincini bölüşməkdir. Bir insanın həyata qayıtmasına səbəb olmaq, bir ailənin göz yaşını sevinc göz yaşlarına çevirmək, bir ömrün yarımçıq qalmasına imkan verməmək...
Bundan daha müqəddəs hansı əməl ola bilər?
Gəlin, xeyirxahlığı həyatımızın ayrılmaz hissəsinə çevirək. Çünki bəzən bir insanın həyatını xilas etmək üçün qəhrəman olmaq lazım deyil. Sadəcə insan olmaq, mərhəmətli olmaq və donor olmaq kifayətdir.
Surxay Atakişiyev, Bizim.Media




























































































