Rusiya ardıcıl dördüncü ildir ki, nüvə silahı daşıyıcılarında yerləşdirilən nüvə döyüş başlıqlarının sayını artırır.
Bizim.Media xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatlarında bildirilir.
SIPRI-nin hesablamalarına görə, 2026-cı il üçün Rusiyanın nüvə arsenalına 5420 döyüş başlığı daxildir. Bunlardan 2604-ü saxlanmadadır, 1020-si "istifadədən çıxarılmış" kateqoriyasına aiddir, 1796-sı isə raketlərdə və bombardmançı təyyarələrdə yerləşdirilib.
Yerləşdirilmiş döyüş başlıqlarının (deployed warheads) sayı il ərzində 78 ədəd artıb. Eyni zamanda, Rusiya ilə müqayisə oluna biləcək nüvə arsenalına malik ABŞ-da bu göstərici dəyişməyərək ötən ildəki kimi 1770 təşkil edib. Fransa və Böyük Britaniya da daşıyıcılarda əlavə döyüş başlıqları yerləşdirməyiblər - müvafiq olaraq 280 və 170.
Çin döyüş başlıqlarının yerləşdirilməsini artırıb, lakin Pekinin bu göstəricisi kiçikdir: 2025-ci ildəki 24-ə qarşı 34. Bundan əlavə, Hindistan ilk dəfə olaraq 12 döyüş başlığını yerləşdirilmiş vəziyyətə gətirib. SIPRI-nin qiymətləndirmələrinə görə, ümumilikdə Hindistanın 190, Çinin isə 620 döyüş başlığı var.
Rusiyada yerləşdirilmiş döyüş başlıqlarının sayı Ukraynadakı müharibənin hər ili artır: 2022-ci ildə bu rəqəm 1588, 2023-cü ildə 1674, 2024-cü ildə 1710, 2025-ci ildə isə 1718 olub.
2020-ci illə müqayisədə Kremlin daşıyıcılardakı nüvə döyüş başlığı sayını 14% və ya 226 ədəd artıraraq 2017-ci ildən bəri maksimal səviyyəyə çatdırdığı bildirilir. Həmin vaxt SIPRI-nin məlumatına görə, onların sayı 1950 idi. (musavat.com)
Bizim.Media






































































































