Gəncə futboluna ağır itki üz verib. Azərbaycanın futbol veteranlarından olan Mehman Hacıyev 52 yaşında vəfat edib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, son illər Rusiyanın Moskva şəhərində əmək fəaliyyəti ilə məşğul olmuş veteran idmançının ölüm səbəbi hələlik məlum deyil.
1974-cü ildə Gəncə şəhərində anadan olan, “Kəpəz” peşəkar futbolçu klubunun yetirməsi olan Mehman Hacıyev Gəncə təmsilçisinin heyətində iki dəfə Azərbaycan çempionu olub, həmçinin ölkə Kubokunu qazanıb.
Veteran futbolçu karyerası ərzində “Turan Tovuz” və “Qarabağ”ın da formasını geyinib.
Mehman Hacıyev futbolçu karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyəti ilə məşğul olub. O, 2010-2013-cü illərdə “Kəpəz”in əvəzedici komandasının, 2013-2014 mövsümündə isə əsas komandanın köməkçi məşqçisi kimi çalışıb.
Mərhum bu gün böyüyüb boya-başa başa çatdığı Gəncə şəhərində torpağa tapşırılacaq.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

































































































