Hörmətli cənab Prezident!
Mənim oğlum, «Bizim Yol» qəzetinin əməkdaşı, moderator.az saytının
redaktoru,Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin rəhbəri Pərviz Həşimov
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sentyabrın 17-də keçirdiyi əməliyyat
nəticəsində həbs edilib. Ona qarşı AR Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan
əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının
qaçaqmalçılığı) və 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
qanunsuz olaraq odlu silahı, onun komponent hissələrini və ya döyüş sursatını
əldə etmə,daşıma,saxlama) maddələri ilə cinayət işi qaldırılıb.
Pərviz
moderator.az saytının redaksiyasında olarkən tanımadığı şəxs ona zəng edərək
görüş təklif edib. Oğlum həmin şəxsin avtomobilinə əyləşərkən MTN əməkdaşları
onu həbs edib, həmin avtomobildən «tapılan» silah-sursatın Pərviz Həşimova
gətirildiyi iddia olunub.
Daha
sonra eyni qaydada silah və döyüş sursatları onun mənzilindən «çıxarılıb». Bütün
bunlar oğluma qaşı böhtandır, onu açıq-aşkar şərləyiblər. Pərviz Həşimovun
ümumiyyətlə İranla əlaqəsi olmayıb, ona zəng edən şəxsi də qətiyyən tanımayıb.
MTN
mənim oğlumu İran İslam Respublikasından qaçaq yolla silah sursat gətirməkdə
ittiham edərək onun mənzilində və iş yerlərində axtarış aparıb. Həbs olunarkən
və evində axtarış aparılarkən Pərviz Həşimovun və ailə üzvlərinin hüquqları, AR
qanunları, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların müvafiq maddələri
pozulmuşdur. 30-a qədər MTN əməliyyatçısı evə zorla daxil olub, kobudluq
göstərib, nəticədə Pərvizin həyat yoldaşı və azyaşlı qızı ağır sarsıntı
keçiriblər.
Pərviz
Həşimov barəsində həbs-qətimkan tədbiri seçildikdən sonra MTN əməkdaşları
xüsusi təhlükəli cinayətkar kimi onun başına qara torba keçirərək avtomobilə
əyləşdiriblər ki, bu qanunsuzluq oğlumun ləyaqətinə, şəxsiyyətinə qarşı növbəti
addımdır.
Hörmətli cənab Prezident!
Mən 42 ildir ki, müəlliməm. Azərbaycan xalqının övladlarına təhsil
verirəm, bu günə qədər Respublikamızın inkişafına əmək verən yüzlərlə kadrların
hazırlanmasında bilavasitə iştirak etmişəm. Mənim övladlarım yüksək təhsilli,
qabiliyyətli, vətənini, dövlətini sevən vətəndaşlardır. Oğlum Pərviz Həşimovun
fəaliyyəti cəmiyyətin gözü qarşısında olub, o bir jurnalist, hüquq müdafiəçisi
kimi öz peşə borcunu ləyaqətlə yerinə yetirən, qanunsuzluqlara qaşı çıxan fəal
bir vətəndaş olub. Mən vətənə, dövlətə xeyirli bir övlad yetişdirmişəm, mənim
tərbiyə verdiyim övlad terrorçu ola bilməz!
Hörmətli cənab Prezident!
Sizdən xahiş edirəm ki, oğlum Pərviz Həşimova qarşı baş verən
qanunsuzluqların aradan qaldırılmasına, ədalətin bərpa olunmasına yardım
göstərəsiniz. Ümid edirəm ki, Konstitusiyamızın qarantı kimi dəstəyinizi bizdən
əsirgəməyəcəksiniz!
Hörmətlə: Kamran Həşimov, Qabaqcıl təhsil işçisi, YAP üzvü.



































































































