DEMƏK
Hansı ocaq üstündə, hansı qazanda bişib,
Ayının xəbəri yox, meşə ayıdan küsüb,
Əllərimiz yorulub, öküz taqətdən düşüb,
Yekə daşa ilişib tutduğumuz xış, demək.
Əkilimiz yerində, Bəkilimiz dəyişmir,
Heykəlimiz, büstümüz, şəkilimiz dəyişmir,
Hər seçkidən sora da vəkilimiz dəyişmir,
Qalır yenə yurdumda qışdan sonra qış, demək.
Kresloya yayılıb hırıldayır xəmirlər,
Boynu yoğun gədələr quzuları əmirlər,
Kağız üstündə qalır sərəncamlar, əmrlər,
Nazirimiz buraxır gündə göyə quş, demək.
Ağacımız quruyub, torpağımız şorlanıb,
Çaylarımız bəndlənib, dənizimiz torlanıb,
Əsəbimiz pozulub, yaddaşımız korlanıb,
Başımızda qalmayıb zərrə qədər huş, demək.
Məmləkəti hop edib udub təpəgöz şirkət,
Toz ”“ dumanın içində dayanıbdır hərəkət,
Millət acdır, çəkilib yerdən, göydən bərəkət,
Çörək verən kişilər, ərlər azalmış, demək.
Kim doğrunu söyləyir, kim kül üfürür gözə,
Nə vaxt dağdan enəcək sürü, görəsən, düzə?
Mən bilmirəm siz deyin, fayda veribmi bizə,
Yasda amin söyləmək, toyda quru tuş demək?
Mübariz Məsimoğlu


































































































