ABŞ-nin Miçiqan ştatında yeddi yaşlı oğullarının ölümündən sonra ər-arvada qarşı ikinci dərəcəli qətl ittihamı irəli sürülüb. İstintaqın versiyasına görə, uşaq illərlə lazımi tibbi yardım almayıb və ağır piylənmədən əziyyət çəkib.
Bizim.Media xəbər verir ki, bu barədə "New York Post" qəzeti yazır.
Demien və Cessika O'Brayen, həmçinin uşaqla amansız rəftar etməkdə və işgəncə verməkdə ittiham olunurlar. Prokurorluğun məlumatına görə, oğlan uşağının ölümü valideynlərin laqeydliyinin nəticəsidir.
Məhkəmə-tibbi ekspertizası müəyyən edib ki, uşağın ölümünə səbəb dilatasion kardiyomiopatiya (ürək əzələsinin xəstəliyi) olub. Ekspertlərin rəyinə görə, ağır piylənmə bu xəstəliyin inkişafına təkan verib.
Ölüm anında uşağın boyu təxminən 127 santimetr, çəkisi isə 116 kiloqram olub. ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin məlumatına görə, bu boyda və yaşda olan uşaq üçün sağlam çəki normalda 23-33 kiloqram təşkil edir.
İstintaq müəyyən edib ki, ailənin tibbi sığortası olmasına baxmayaraq, oğlan heç vaxt məktəbə getməyib və bütün həyatı boyu cəmi bir dəfə həkim qəbulunda olub.
Bizim.Media

































































































