Teleparıcı Alina Vavilonvskaya amerikalı milyarder Ceffri Epşteynin kənar şəxslər üçün qapalı olan adasına gizlicə daxil olub və onun əkizindən müsahibə götürüb.
Bizim.Media xəbər verir ki, bu barədə “Gazeta.ru”ya “Pyatnitsa!” telekanalının mətbuat xidmətindən məlumat verilib.
“Belaya Amazonka” (Ağ Amazonka) travel-şousunun aparıcısı milyarderin ittiham olunduğu cinayətlərin törədildiyi və sonradan “Epşteyn adası” kimi tanınan şəxsi Littl-Sent-Ceyms adasını ziyarət etmək qərarına gəlib.
Adanın yeni sahibi, milyonçu Stiven Dekoff ərazini ziyarətçilər üçün bağlayıb və yerli bələdçilər öz həyatlarını itirməkdən qorxduqlarını əsas gətirərək Vavilonvskayanı ora aparmaqdan imtina ediblər. Buna baxmayaraq, rusiyalı aparıcı adaya daxil olmağı bacarıb.
“Biz özəl mühafizə xidmətindən adaya yaxınlaşmamaq və çəkilmiş materialları silmək tələbi ilə xəbərdarlıq aldıq. Qayığımız təqib olunurdu, adanın yaxınlığında dron uçurmağa çalışarkən isə siqnal yox olmağa başladı. Bütün bunlara rəğmən, biz sahilə çatdıq və Epşteynin adasına ayaq basdıq”, - deyə aparıcı öyünərək bildirib.
Littl-Sent-Ceyms adasına təşkil olunan ekspedisiyadan sonra teleaparıcı Palm-Biçə yollanıb və orada Ceffri Epşteynin əkizi kimi tanınan “Palm-Biç Pit” ləqəbli şəxslə görüşüb.
Rusiyalı aparıcı ilə söhbətində o, milyarderlə şəxsi tanışlığının olmadığını, lakin bir dəfə onunla eyni ziyafətdə iştirak etdiyini bildirib.
“O, qorxunc biri idi: çox qapalı və tamamilə özünə qapanmışdı. Ziyafətdə çox insan var idi, lakin onun ətrafında sanki bir divar hörülmüşdü, yaxınlaşmaq mümkün deyildi. O, sadəcə oturub hər kəsin onun ətrafında pərvanə olmasını gözləyirdi”, - deyə “Palm-Biç Pit” xatirələrini bölüşüb.
Qeyd edək ki, Ceffri Epşteyn yetkinlik yaşına çatmayanların cinsi istismarı və insan alveri ittihamı ilə həbs olunmuş, lakin 2019-cu ilin avqustunda Nyu-York həbsxanasında ölü tapılmışdı.
Bizim.Media


































































































