2025-ci ildə narkoloji xidmət müəssisələrində ilk dəfə narkomaniya diaqnozu ilə qeydiyyata alınan şəxslərin sayı 2679 nəfər olub. Onlardan 97-si qadındır. İlkin qeydiyyata alınanlar arasında 15-17 yaş qrupuna aid 6 nəfər olub ki, onlardan 2-si qadındır.
Bu barədə Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən Bizim.Media-ya verilən məlumatda bildirilib.
Bildirilib ki, ümumilikdə, 2025-ci ilin sonuna narkomaniya diaqnozu ilə dispanser qeydiyyatında olan şəxslərin sayı 42 624 nəfər təşkil edib. Onlardan 1093-ü qadındır.
“2026-cı ilin yanvar-may aylarında isə ilk dəfə narkomaniya diaqnozu ilə qeydiyyata alınan şəxslərin sayı 818 nəfər olub. Onlardan 35-i qadındır.
Bildiririk ki, narkoloji xidmət tərəfindən risk qruplarının erkən aşkarlanması, müalicə və reabilitasiya tədbirləri davamlı olaraq həyata keçirilir. İlkin qeydiyyata alınan şəxslər barədə məlumatlar profilaktik tədbirlərin planlaşdırılması və müalicə xidmətlərinin təşkili baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, narkoloji xəstəliklərin profilaktikası, erkən aşkarlanması, müalicə və reabilitasiyası istiqamətində aidiyyəti tibb müəssisələri tərəfindən müvafiq tədbirlər davam etdirilir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi, Bakı Şəhər Narkoloji Mərkəzi, Sumqayıt, Gəncə, Mingəçevir və Lənkəran rayonlararası narkoloji dispanserlər xəstələrə xidmət göstərirlər.
Bundan əlavə respublikanın rayon poliklinikalarında 62 narkoloji kabinet mövcuddur. Bildiririk ki, ölkəmizdə narkoloji xidmət əhali üçün çox asan və əlçatandır. İstənilən xəstə 24 saat ərzində göndəriş və şəxsiyyət vəsiqəsi ilə qeyd edilən müəssislərə müraciət edərək stasionar müalicə ala bilərlər”, - məlumatda qeyd olunub.
Surxay Atakişiyev, Bizim.Media































































































