Fransada bu il ilk Ebola virusuna yoluxma halı qeydə alınıb.
Bizim.Media Türkiyə mediasına istinadla xəbər verir ki, Fransa Səhiyyə Nazirliyi Konqo Demokratik Respublikasından qayıdan həkimdə Ebola virusunun aşkarlandığını açıqlayıb.
Bildirilib ki, məsələ Fransa hökuməti tərəfindən yaxından izlənilir. Hökumətin rəsmi nümayəndəsi Mod Brejon yaxın saatlarda səhiyyə qurumlarının hadisə ilə bağlı ətraflı məlumat verəcəyini bildirib.
Onun sözlərinə görə, hazırda vəziyyət nəzarət altındadır.
Xatırladaq ki, Konqo Demokratik Respublikasının şərqində yerləşən İturi əyalətində 246 şübhəli yoluxma və 65 ölüm faktından sonra mayın 15-də ölkədə Ebola epidemiyası elan olunub.
Ümumdünya Səhiyyə Təşkilatı isə mayın 17-də yenidən yayılan Ebola virusu ilə əlaqədar beynəlxalq ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.
Mütəxəssislərin sözlərinə görə, hazırkı epidemiya Ebola virusunun nadir rast gəlinən Bundibuqyo ştamı ilə əlaqədardır. Bu virusa qarşı təsdiqlənmiş xüsusi müalicə üsulu və ya peyvənd mövcud deyil.


Bizim.Media
































































































