"Volkswagen" 100 minədək iş yerini ixtisar etməyi planlaşdırır

Hazırda oxunan: "Volkswagen" 100 minədək iş yerini ixtisar etməyi planlaşdırır

621692

Almaniyanın avtomobil istehsalçısı "Volkswagen" yaxın bir neçə il ərzində dünya üzrə 100 minədək iş yerini ixtisar etməyi və Almaniyadakı dörd zavodunda istehsalı dayandırmağı planlaşdırır.

Bizim.Media Valyuta.az-a istinadla xəbər verir ki, şirkətin baş direktoru Oliver Blume bununla yanaşı, növbəti beş il ərzində investisiyaları təxminən 15 faiz azaldaraq 130 milyard avrodan bir qədər çox səviyyəyə endirməyi hədəfləyir.

"Volkswagen" brendi və ehtiyat hissələri istehsal edən müəssisələr qrupun mövcud strukturundan ayrılaraq ayrıca hüquqi qurumlar kimi fəaliyyət göstərəcək. Orta müddətli perspektivdə Hannover, Tsvikkau və Emden şəhərlərindəki "Volkswagen" zavodlarının, eləcə də "Audi"nin Nekkarzulmdakı müəssisəsinin istehsal dövrü başa çatdıqdan sonra bağlanması nəzərdə tutulur.

Şirkətin sözçüsü yayılan məlumatları təsdiqləməyərək bildirib ki, məxfi sənədlərlə bağlı şərh vermirlər.

Onun sözlərinə görə, məsələ ilə bağlı bütün qərarlar aidiyyəti idarəetmə orqanlarında müzakirə ediləcək və təsdiqlənəcək.
 

Qeyd edək ki, Oliver Blume daha əvvəl də hazırda davam edən 50 min iş yerinin ixtisarına əlavə olaraq xərclərin daha da azaldılacağını açıqlayıb.


"Volkswagen" digər Avropa avtomobil istehsalçıları kimi idxal rüsumları, Çin şirkətlərinin artan rəqabəti və elektrik avtomobillərinə keçidin yüksək xərcləri səbəbindən ciddi təzyiqlə üzləşir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin