Müəllimlərin nəzərinə: Növbəti ildən sertifikasiyadan azad oluna bilərsiniz

Hazırda oxunan: Müəllimlərin nəzərinə: Növbəti ildən sertifikasiyadan azad oluna bilərsiniz

621743

Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması prosesi növbəti mərhələni də geridə qoyaraq yekunlaşıb. Təhsilin keyfiyyətinin artırılması, müəllimlərin peşəkar bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədi daşıyan bu mexanizm son illərdə təhsil sistemində ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib.

İmtahanların nəticələri bir tərəfdən müəllimlərin hazırlıq səviyyəsini və peşəkar inkişaf dinamikasını ortaya qoyursa, digər tərəfdən müəyyən fənlər və mövzular üzrə mövcud çətinlikləri də üzə çıxarır. Bu baxımdan, cari sertifikasiya mərhələsinin yekunları həm təhsil ictimaiyyəti, həm də növbəti illərdə imtahanda iştirak edəcək müəllimlər üçün mühüm mesajlar və nəticələr ehtiva edir.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “modern.az”a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu günə qədər imtahan verən müəllimlər arasında yalnız tarix fənni üzrə sualların müəyyən qədər çətin olduğu qeyd olunub.

"Lakin müəllimlər arasında apardığımız sorğular, onların özlərinin sosial şəbəkələrdə etdiyi paylaşımlar, eləcə də bəzi təhsil kursları və repetitor müəllimlərin açıqlamalarından görünən odur ki, 51 və daha yüksək bal toplayan müəllimlərin sayı kifayət qədərdir.

Bu da sevindirici haldır. Çünki həmin müəllimlərin əməkhaqlarında 35 faiz artım tətbiq olunacaq. Digər diqqətçəkən məqam isə ondan ibarətdir ki, müəllimlər ötən illərdə keçirilən sertifikasiya imtahanlarından nəticə çıxararaq bu dəfə hazırlıq prosesinə daha ciddi yanaşıblar.

İmtahanların çətinlik səviyyəsinə gəldikdə isə fənlər üzrə əsas müzakirələr yenə tarixlə bağlı səsləndirilib. Digər fənlərlə bağlı ciddi narazılıq və ya ajiotaj yaradacaq yanaşmalar müşahidə olunmadığından, imtahanların ümumilikdə normal keçirildiyini demək olar".

Ekspert qeyd edib ki, imtahan suallarına gəlincə, təbii ki, müəllimlərin mövzuya yaxşı bələd olması onların daha yüksək nəticə əldə etməsinə kömək edir:

"Müəllimlərin daha çox çətinlik çəkdiyi hissə isə ixtisas sualları deyil, kurikulumla bağlı suallar olub. Bəzi müəllimlər ixtisas bölməsində maksimum nəticə göstərsələr də, kurikulum hissəsində ən azı 1-2, bəzi hallarda isə 4-5 səhvə yol veriblər. Buna görə də hesab edirəm ki, müəllimlər kurikulum mövzularına daha diqqətli yanaşmalı, bu istiqamətdə hazırlıqlarını gücləndirməlidirlər ki, sualları daha rahat işləyə bilsinlər".

E.Əfəndi onu da əlavə edib ki, qarşıdan sertifikasiyanın ikinci dövrü gəlir və növbəti illərdə imtahan verəcək müəllimlər daha diqqətli olmalıdırlar:

“Artıq müəllimlərin birinci sertifikasiya təcrübəsi var. Onlar imtahanın necə keçirildiyini, hansı tip sualların düşdüyünü və hansı mövzuların üstünlük təşkil etdiyini bilirlər. Bu təcrübə növbəti mərhələlərdə onlara üstünlük qazandırmalıdır”.

Onun sözlərinə görə, qarşıdakı beş il ərzində yenidən sertifikasiya prosesi həyata keçiriləcək və arzuolunandır ki, müəllimlərin böyük əksəriyyəti 51 və daha yüksək nəticə əldə etsin:

“Şəxsi fikrim və təklifim ondan ibarətdir ki, ardıcıl iki dəfə sertifikasiya imtahanında 51 və daha yüksək bal toplayan müəllimlər gələcəkdə üçüncü sertifikasiya mərhələsindən azad oluna bilərlər. Bununla bağlı hazırda hər hansı qərar yoxdur. Sadəcə, bu, mənim yanaşmam və təklifimdir. Ola bilər ki, gələcəkdə belə bir qərar qəbul edilsin. Buna görə də müəllimlər hazırlıq prosesinə daha ciddi yanaşmalıdırlar”, - deyə E.Əfəndi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin