Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib ki, vahid namizədin müəyyən olunması ilə bağlı Milli Şuranın sessiyasında heç bir qərar qəbul edilməyib. Moderator.az Bizimyol-a istinadən xəbər verir ki, M.Mirəlioğlu vurğulayıb ki, iclada iki məsələ ilə bağlı reytinq-səsvermə olub:
“Ancaq bu səsvermə yalnız reytinq müəyyənləşdirilməsi üçün idi və sessiya yekunda heç bir qərar qəbul etmədi. ACP, “El”, ALP, KXCP olaraq 4 partiya Rüstəm İbrahimbəyovun məktubu əsasında memorandum hazırlamışdıq. Belə ki, prezidentliyə vahid namizədliyinin qalması, ancaq onun seçkiyə qatıla bilməyəcəyi təhlükəsini nəzərə alaraq partiyaların öz namizədləri ilə çıxış etməsi, əgər İbrahimbəyov ölkəyə qayıdarsa və namizədliyi qeydə alınarsa, partiyaların namizədləri geri çəkməsi, əks halda kompromis yolu ilə ən şanslı namizədə güzəştə getməyi təklif etdik. Müsavat başqanı İsa Qəmbər də bunu dəstəklədi. Bu məsələ ilə bağlı reytinq-səsvermədə ilk əvvəl 53 səs toplandığı deyilsə də, sonradan növbəti səsvermə keçirildi və 42 səs verildiyi bildirildi. Daha sonra "ehtiyat vahid namizd"lə bağlı reytinq-səsvermə keçirildi və 43 səs topladığı məlum oldu".
KXCP sədri qeyd etdi ki, bu səsvermələrin heç biri Milli Şuranın qərar qəbul etdiyi anlamına gəlmir. "Sessiyada Milli Şuranın qərar qəbul etməsi ilə bağlı mətbuata verilən məlumatlar tamamilə dezinformasiyadır. Qapalı keçirilən səsvermədən sonra mətbuata dezinformasiya ötürən şəxslər bilməlidirlər ki, bu, onlara baha başa gələ bilər. Sessiyada nələrin baş verdiyi ilə bağlı açıqlama versək, çoxları üçün pis olacaq".





























































































