Bu həftə Rusiya Dövlət Duması xarici vətəndaşların inzibati cərimə ilə yanaşı, onların ölkədən deportasiya olunacağı inzibati xətaların siyahısını genişləndirən qanun layihəsini ikinci oxunuşda müzakirə edəcək.
Bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib. Onun sözlərinə görə, ilkin variantda siyahının 43 maddəyədək genişləndirilməsi planlaşdırılsa da, sonradan daha iki əsas əlavə edilib. Bunlar hər hansı əlamətə görə ayrı-seçkilik (cins, irq, dəri rəngi, milliyyət, dil, yaş, dinə münasibət və s.) və dövlət sərhədində hərbi qulluqçuların qanuni tələblərinə tabe olmamaqdır.
Volodin bildirib ki, dəyişikliklər ölkədə ictimai təhlükəsizliyin gücləndirilməsinə və miqrasiya sahəsində nizam-intizamın təmin edilməsinə xidmət edəcək. O, əlavə edib ki, Dövlət Duması bu həftə əmək miqrasiyası ilə bağlı digər qanunvericilik təşəbbüslərinə də baxacaq.
Hazırda Rusiya İnzibati Xətalar Məcəlləsinə əsasən, əcnəbilərin ölkədən çıxarılması inzibati xətaya görə tətbiq oluna bilən cəza növlərindən biridir.
Təklif olunan dəyişikliklərə əsasən isə bəzi inzibati xətalara görə cərimə ilə yanaşı, ölkədən çıxarılma məcburi əlavə cəza olacaq.
Qeyd edək ki, qanun layihəsi Rusiya Daxili İşlər Nazirliyi tərəfindən mart ayında hazırlanıb və may ayında Dövlət Dumasında birinci oxunuşda qəbul edilib.
Bu qanunun qəbulu Rusiyada yaşayan soydaşlarımıza necə təsir edəcək?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən REAL Partiyasının sədri Natiq Cəfərli deyib ki, Rusiyada miqrantlara qarşı qaydaların sərtləşdirilməsi konkret hansısa millətə, o cümlədən də azərbaycanlılara qarşı deyil:
“Miqrantlara qarşı qaydaların sərtləşməsi əslində siyasi məsələdir. Tarixən belə olub ki, Rusiyada daxili problemlər artdıqca ölkə daxilində “düşmən” axtarışına başlanılıb. Hakimiyyət tərəfindən xalqa mesajlar ötürülüb ki, “günah hökümətdə yox, miqrantlardadır”. Guya ki, miqrantların ölkədəki iqtisadi fəaliyyəti ağır duruma salır, kriminogen vəziyyəti gərginləşdirir.
İndiki vəziyyətdə Rusiya Ukraynanın müharibə bataqlığında boğulur. Çıxış yolu tapmayan rəsmi Moskva ölkə daxilində “günah keçisi” axtarır. Bu siyasət miqrantlara qarşı qanunların və qaydaların daha da sərtləşməsinə səbəb olur”.
Bu qadağaların soydaşlarımıza təsir imkanlarından danışan partiya sədri qeyd edib ki, orada yaşayan soydaşlarımızın böyük əksəriyyəti Rusiya vətəndaşıdır:
“Onlar miqrant deyil. Yəni soydaşlarımız etnik olaraq azərbaycanlı olsalar da, Rusiya vətəndaşlarıdır. Həmin soydaşlarımıza miqrasiya haqqında qanunun dəyişdirilməsinin və yaxud sərtləşdirilməsinin heç bir aidiyyatı yoxdur. Bu məsələdə ən çox ziyan görə biləcək kəsim heç bir qeydiyyatı olmayan miqrantlardır. Təəssüf ki, belələri arasında soydaşlarımız da var”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Dünya
10:20 / 08.07.2026
Rusiyada miqrantlarla bağlı NÖVBƏTİ QADAĞA – Soydaşlarımızı nə gözləyir?
Hazırda oxunan: Rusiyada miqrantlarla bağlı NÖVBƏTİ QADAĞA – Soydaşlarımızı nə gözləyir?
Hazırda oxunan: Rusiyada miqrantlarla bağlı NÖVBƏTİ QADAĞA – Soydaşlarımızı nə gözləyir?
623806
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































