Müasir dövrdə sosial şəbəkələr uşaqların dünyanı tanıması, yeni biliklər əldə etməsi, həmyaşıdları ilə əlaqə saxlaması üçün nəzərdə tutulsa da, nəzarətsiz istifadə edildikdə böyük təhlükə mənbəyinə çevrilir. Uşaqların gün ərzində uzun-uzadı sosial şəbəkələrdə vaxt keçirməsi təkcə özünü risk altına atmır, ailədaxili münasibətlərə də ciddi təsir göstərir. Çünki sosial mühitdə həddindən artıq vaxt keçirmək ailə daxilində canlı ünsiyyətin azalmasına səbəb ola bilər.
Bir vaxtlar ailə üzvlərinin birlikdə keçirdiyi vaxt, süfrə arxasında söhbətlər, ortaq istirahət, ev işləri və birgə fəaliyyətlər getdikcə virtual ünsiyyətlə əvəz olunur. Eyni evdə yaşayan ailə üzvləri bir-biri ilə danışmaq əvəzinə telefon ekranına köklənir, nəticədə emosional bağlar zəifləyir.
Amma mütəxəssislər xəbərdarlıq edirlər ki, məsələ təkcə bununla yekunlaşmır. Sosial şəbəkə uşaqları daha bir reallıqdan uzaqlaşdırır ki, bu illüziya gerçək ailə anlayışının süqutuna səbəb olur.
Mütəxəssislər hesab edirlər ki, ailə daxilində ünsiyyətin azalması uzunmüddətli perspektivdə ailə institutunun zəifləməsinə, nəsillərarası münasibətlərin soyumasına və uşaqlarda tənhalıq hissinin güclənməsinə səbəb ola bilər.
Bu da gələcəkdə sağlam ailə modelinin formalaşmasına mənfi təsir göstərən amillərdən biri hesab olunur.
Psixoloq, metodoloq Zülfiyə Əhədova bununla bağlı Bizim.Media-ya bildirdi ki, sosial şəbəkələrdə uzun müddət vaxt keçirən uşaq videoçarxlarda nümayiş etdirilən “ideal həyat” görüntülərindən təsirlənir:
“Onlar özlərini başqaları ilə müqayisə edərək narazılıq, emosional gərginlik yaşaya bilərlər. Bu hisslər bəzən ailə daxilində də anlaşılmazlıqlara səbəb olur. Uşaq öz ailəsini, həyat şəraitini bəyənmir, buna görə valideynləri ilə tez-tez konfliktləri olur.
Getdikcə valideynlərlə mənəvi uzaqlaşma yaranır: daim başqalarının təmtəraqlı həyatını izləmək uşaqlarda ailədən kənarda məmnunluq axtarışını gücləndirə bilər. Ekranda gördükləri ilə reallıq arasında ziddiyyət təşkil edən təsirlərə məruz qalan məktəblilər öz aləmlərində müqayisə edirlər. Bundan sonra ailə üzvləri arasında gərginlik, özünə isə inamsızlıq yaranır”.
Psixoloq vurğuladı ki, problemin həlli uşaqları sosial mühitdən uzaqlaşdırmaqla məhdudlaşmamalıdır.
Eyni zamanda, valideynlərin də telefondan istifadəsi övladlarına nümunə olmalıdır, çünki uşaqlar deyilənlərdən daha çox gördüklərini təkrarlayırlar. Əslində texnologiya ailənin düşməni deyil, lakin ondan istifadə ailədən üstün tutulmağa başlandıqda problemlər yaranır.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:00 / 08.07.2026
Ailə institutuna yeni TƏHLÜKƏ - Sosial şəbəkələr uşaqları necə dəyişir?
Hazırda oxunan: Ailə institutuna yeni TƏHLÜKƏ - Sosial şəbəkələr uşaqları necə dəyişir?
Hazırda oxunan: Ailə institutuna yeni TƏHLÜKƏ - Sosial şəbəkələr uşaqları necə dəyişir?
623858
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































