Xırdalan şəhərinin Veysəl Musibov adına 5 nömrəli tam orta məktəbinin 11 sinif üzrə bu ilki məzunu Selcan Cəfərli Çinin ictimai və humanitar elmlər üzrə qabaqcıl ali təhsil ocağı olan Renmin Universitetinə qəbul olunub.
Bizim.Media xəbər verir ki, məktəbdən verilən məlumata görə, Selcan universitetdə beynəlxalq siyasət ixtisası üzrə bakalavr təhsilini Çin dilində, tam təqaüdlə (təhsil haqqı, aylıq təqaüd, yataqxana və digər xərclər) oxuyacaq.

Xırdalan məktəblisini Çinin nüfuzlu ali təhsil ocağına aparan yolu onun Çin dilinə marağı və ümumi çalışqanlığı sayəsində mümkün olub. Hələ uşaq yaşlarından Çin dilini öyrənməyə başlayan Selcan ötən il Çin dili bilik səviyyəsi üzrə 6-cı mərhələ imtahanını (HSK6) uğurla verərək müvafiq sertifikat əldə edib.
Keçən ay isə Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə orta məktəb şagirdləri arasında keçirilən 19-cu beynəlxalq “Çin dili körpüsü” müsabiqəsinin Azərbaycan üzrə finalında birinci yeri tutub. Selcan bu nəticə ilə payızda Çində “Dünya Çin dili körpüsü” müsabiqəsində Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, 1937-ci ildə təsis edilən Renmin Universiteti Çində dünya standartlarında universitetləri və ixtisasları əhatə edən “İkiqat birinci sinif təşəbbüsü”nə ilk daxil edilən ali təhsil ocaqlarından biridir.
Çinin Təhsil Nazirliyinin son qiymətləndirməsinə əsasən Renmin Universiteti iqtisadiyyat, statistika, biznesin təşkili və idarə edilməsi, hüquq, siyasi elmlər, sosiologiya, jurnalistika və dövlət idarəetməsi istiqamətləri üzrə ölkənin bütün ali təhsil ocaqlarını qabaqlayıb.
Renmin Universiteti ali təhsil müəssisələrinin beynəlxalq reytinqindən imtina etsə də, 2014-cü ildə “Times Higher Education” tərəfindən Çinin 5 ən nüfuzlu universitetindən biri elan edilib.

Xatırladaq ki, 2015-ci ilin dekabrında Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu verilib.
Bizim.Media































































































