“Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxıb”.
Bizim.Media xəbər verir ki, bunu təşkilatın baş katibi Taalatbek Masadıkov TASS-a açıqlamasında deyib.
Onun sözlərinə görə, KTMT üzv ölkələrə təşkilatın fəaliyyəti ilə bağlı sənədlər göndərir, lakin Ermənistan tərəfi müzakirələrdə və qərarların qəbulunda iştirak etmir.
Bununla belə, İrəvan məhdud formatda qərarların qəbuluna etiraz bildirmir və təşkilatın işinə mane olmur.
Masadıkov onu da qeyd edib ki, Ermənistan təşkilatın əsas tədbirlərinə və hərbi təlimlərinə də qatılmır, yalnız həftəlik hesabatları dinləyir.
Baş katib hesab edir ki, bu vəziyyət KTMT Nizamnaməsinin 25-ci maddəsi ilə əlaqəlidir və Ermənistan faktiki olaraq təşkilatdan özü çıxıb.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl parlamentdə çıxışı zamanı ölkəsinin KTMT-dən çıxmasının tərəfdarı olduğunu bildirib və belə bir qərarın qəbul edilməsindən məmnun qalacağını deyib.
Bizim.Media

































































































