Hər 100 abituriyentdən yalnız 3-ü şəxsi maraqlarına görə ixtisas seçib – SORĞU

Hazırda oxunan: Hər 100 abituriyentdən yalnız 3-ü şəxsi maraqlarına görə ixtisas seçib – SORĞU

643679

“Dövlət İmtahan Mərkəzinin psixoloqları tərəfindən 2026-cı ilin buraxılış imtahanlarından sonra aparılan araşdırmada diqqətimi çəkən məqamlardan biri də gənclərin ixtisas seçiminə təsir edən amillərlə bağlı oldu”.

Bizim.Media xəbər verir ki, bu fikirləri DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial şəbəkə hesabında yazıb. 

DİM sədri paylaşımında sorğunun nəticələrinə diqqət çəkib:

“Sorğuda iştirak edən cari ilin məzunları arasında:

3,2% ixtisas seçimində yalnız şəxsi maraqlarını əsas götürüb.

41,8% şəxsi maraqlarını gələcək karyera, gəlir, status və digər amillərlə əlaqələndirib.

31,2% isə seçimində daha çox xarici amillərə — ailə gözləntilərinə, topladığı balın yaratdığı imkanlara və digər şərtlərə əsaslanıb.

23,4 faizi karyera, status və gəlirlə bağlı daha praqmatik qrupa aid olub.

Əlbəttə, yalnız 3,2%-in şəxsi marağı əsas götürməsi digər gənclərin öz maraqlarını nəzərə almadığı anlamına gəlmir. Əksinə, nəticələr göstərir ki, ixtisas seçimi əksər hallarda bir neçə amilin təsiri altında formalaşır.

Amma araşdırmada daha bir maraqlı məqam var.

İxtisas seçimində daha çox ailəsinin istəklərini və digər xarici şərtləri nəzərə alan gənclər imtahan zamanı daha çox stres və təzyiq hiss etdiklərini, imtahanın isə onlar üçün daha çətin olduğunu bildiriblər.

Bu nəticə bizi başqa bir sual üzərində düşünməyə vadar edir: Biz gənclərə gələcək peşələrini seçməkdə kömək edirik, yoxsa bəzən öz gözləntilərimizi onların seçimlərinə çeviririk?

Valideynlərin övladlarının gələcəyini düşünməsi, onların sabit gəlirli, perspektivli peşəyə yiyələnməsini istəməsi tamamilə təbiidir. Əmək bazarının tələblərini və gələcək imkanları nəzərə almaq da vacibdir.

Ancaq bütün bunların arasında gəncin öz maraqları, qabiliyyətləri və istəkləri arxa plana keçməməlidir.

Çünki ixtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil. Bu, insanın həyatının əhəmiyyətli bir hissəsini hansı sahəyə həsr etmək istədiyi barədə ilk ciddi seçimlərindən biridir.

Məncə, biz gənclərdən “Neçə bal toplamısan?” və “Hansı ixtisasa qəbul olacaqsan?” suallarını soruşduğumuz qədər, “Sən özünü gələcəkdə hansı işdə xoşbəxt hiss edərsən?” sualını da soruşmalıyıq.

Bəlkə də peşə seçiminə dəstək məhz bu sualdan başlamalıdır”, - deyə Məleykə Abbaszadə vurğulayıb.

Qeyd edək ki, DİM-in psixoloqlarının hazırladığı “Abituriyent imtahanı necə qavrayır?” adlı araşdırmanın nəticələri ilə bu link vasitəsilə tanış ola bilərsiniz.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin