Adı sadə, qulağa tanış gələn, amma tarixi çox mürəkkəb olan bir şəhərdən bəhs edəcəyik... Yaxın tarixə qədər “Yeni Şamaxı” adlandırılan – Ağsu rayonu.
Azərbaycanın ən böyük şəhərlərini ötüb Türkiyənin Bizans İmperiyası, Osmanlı Səltənəti kimi sanballı tarixini daşıyan İstanbulla qardaşlaşan məhz Ağsu olub. Uşaq vaxtı bu ad bizim məsum zehnimizə başqa düşüncələr yeridirdi: inanırdıq ki, məşhur türk müğənni-bəstəkarı Sezen Aksu məhz Ağsu əsillidir. Vaxtilə bu rayondan gedən mühacir ailəsinin övladıdır. Özümüzə bundan kiçik bir iftixar payı çıxarardıq. Bəlkə də elə bu məsum düşüncənin təsiri ilə belə bir infantil fikir yaranır: görəsən, istanbullular da bu ad doğmalığına görə Ağsu ilə qardaşlaşıblar? Cavabda tərəddüd edirik, amma əmin olduğumuz başqa bir fakt var: Çində də Ağsu şəhəri varmış.
Bəs bu ad min kilometrlərlə uzaqdakı coğrafiyada necə peyda olub? Təsadüfdür, yoxsa ortaq keçmişin izləri?
Ağsunun adını araşdırarkən bu sadə görünən toponimin arxasında düşündüyümüzdən daha maraqlı bir tarix ortaya çıxdı. Öncə onu qeyd edək ki, dediyimiz “kitayski Ağsu” Çinin Sincan-Uyğur Muxtar Rayonunda yerləşir. Üstəlik Muxtariyyətin ən böyük şəhərlərindəndir. Elə bu toponimi də oğuz türkləri bu bölgəyə gətirib. Mənası isə suyunun xüsusən yay aylarında duru olması ilə əlaqəlidir. XX əsrin əvvəllərinə qədər Ağsunun yaxınlığında Sincan obasının yaşaması rəsmi sənədlərdə təsdiqlənir.
Nadir şahın yadigarı
Ağsunun bir başqa adı da “Xaraba şəhər”dir. Ağsu şəhərinin adı XVI–XVII əsrdən tarixə bəllidir. 1735-ci ildə Nadirqulu xan (1736-cı ildən sonra Nadir şah) yararsız hala düşmüş Şamaxı şəhərinin əhalisini Ağsuya köçürüb, ciddi plan əsasında şəhəri yenidən tikdirib. Həmin dövrdə yaşamış müəlliflər — Haşimi Şirvani, Abbasqulu ağa Bakıxanov, Seyid Əzim Şirvani və başqaları öz əsərlərində bir qayda olaraq bu şəhəri Ağsu adlandırıblar.
Şəhərin rəsmi adı Nadir şahdan sonra da Hacı Məhəmmədəli xan, Məhəmmədsəid xan, Mustafa xanın dövründə Ağsu adlanmışdır. “Xaraba şəhər” dağıdıldığına görə deyilib.
Rus səyyahı S. Bronevski öz yazılarında həmin şəhəri belə təsvir edir:
“Şəhərin ətrafına qala divarları çəkilmişdi. Qalanın dördkünc və dairəvi bürcləri var idi. Qala divarlarının qarşısında dərin xəndək qazılıb, yaşayış binalarının alt hissəsi zirzəmilərdən ibarətdir. Şəhərdə yaşayış binaları sıx yerləşir. Şəhərin mərkəzi küçələri nisbətən enlidir. Qədim Ağsu şəhərinin yerindən orta əsrlər dövrünə aid sadə gil qab nümunələri və Şirvan hakimi Surxay xanın adına zərb edilmiş mis sikkələr tapılıb. Pul Nadir Şahın şəhərin salınması əmrindən əvvələ aiddir”
Bakını, Gəncəni, Ərdəbili geridə qoyan Ağsu
Səyyah V. Leviatov isə qeyd edirdi ki, XVIII əsrin sonunda Yeni Şamaxı şəhərinin əhalisi 10 minə yaxın olduğu halda Gəncə, Ərdəbil, Şuşa, Nuxa, Bakı və başqa şəhərlərin əhalisi 3-8 mindən çox deyildi.
1743-cü ildə Şirvanda Nadir Şahın zülmünə qarşı üsyan başlandı. Bu zaman özlərini Səfəvilərin xələfləri kimi təqdim edən yalançı şahzadələr — I, II, III Sam Mirzələr meydana çıxdı. I Sam Mirzə 50 minlik qoşunla Şirvanın mərkəzi olan Ağsu şəhərini zəbt etdi. Nadir şahın zülmündən cana gəlmiş əhali onu rəğbətlə qarşıladı. O, xalqı Nadir Şah tərəfindən qoyulmuş vergilərdən azad etdi, lakin Nadir Şahın oğlu Nəsrullah Mirzə Şirvan düzündə baş verən döyüşdə I Sam Mirzəni öldürdü.
II Sam Mirzə Ağsunun keçmiş xanı Surxay xanın oğlu Məhəmməd xanın yardımı ilə Şirvanda güclü üsyanın baş verməsində böyük rol oynadı. Nəsrullah Mirzə 3 dəfə məğlub olmasına baxmayaraq, Ağsu qalasını bir neçə gün mühasirədə saxladıqdan sonra nəhayət top atəşi ilə ələ keçirə bildi. Bununla da Ağsu şəhərinə həlledici zərbə dəymiş oldu. Şəhərdə az sayda insan qalmışdı ki, onların da çoxunu əsr tutub şəhəri tamamilə qarət etdilər.
Ağsuda niyə tarixi tikililər azdır?
Rus səyyahı, akademik S. Q. Qmelin Ağsuda olarkən evlərin dağıdılmış divarlarından başqa heç nə tapmadığını bildirir. Ağsu şəhəri XVIII əsrdə dəfələrlə feodal basqınlarının qurbanı olmuşdur. Tez-tez köçürmələr, dağıntılar əhalinin bir şəhərdə yaşamaq ümidlərinə zərbə vururdu. Şəhər sakinləri bu səbəbdən yaraşıqlı binalar, məscidlər, türbələr, ictimai və rəsmi binalar tikməyə üstünlük vermirdilər. Ağsu 1967-ci ilə kimi şəhər tipli qəsəbə, həmin ildə şəhər statusu alıb.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:00 / 22.10.2026
Bir vaxtlar əhalisinin sayına görə Azərbaycanda birinci idi – “Xaraba şəhər”i Çinlə nə bağlayır?
Hazırda oxunan: Bir vaxtlar əhalisinin sayına görə Azərbaycanda birinci idi – “Xaraba şəhər”i Çinlə nə bağlayır?
Hazırda oxunan: Bir vaxtlar əhalisinin sayına görə Azərbaycanda birinci idi – “Xaraba şəhər”i Çinlə nə bağlayır?
643678
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































