Azərbaycanın Xalq artisti, tanınmış müğənni Zaur Rzayev vəfat edib.
Bizim.Media xəbər verir ki, Mədəniyyət Nazirliyi bununla bağlı nekroloq yayıb.
Bildirilib ki, sənətkar oktyabrın 29-da, ömrünün 75-ci ilində dünyasını dəyişib. Zaur Əlihüseyn oğlu Rzayev 1952-ci il yanvarın 28-də Kürdəmir rayonunun Karrar kəndində anadan olub. O, Bakı Kitabxanaçılıq Texnikumunda, Asəf Zeynallı adına Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Vokal şöbəsində təhsil alıb.
Sənətkar müxtəlif illərdə Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblında, Dövlət Mahnı Teatrında və hərbi musiqi kollektivlərində fəaliyyət göstərib. 1994-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblına rəhbərlik edib.
Zaur Rzayev 1998-ci ildə “Əməkdar artist”, 2003-cü ildə isə “Xalq artisti” fəxri adına layiq görülüb. O, həmçinin Dağıstan Respublikasının “Əməkdar incəsənət xadimi” və “Xalq artisti” fəxri adları ilə təltif olunub.
Mədəniyyət Nazirliyi sənətkarın vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı verib.
Həmçinin qeyd edilib ki, dəfn və vida mərasiminin keçiriləcəyi tarix barədə dəqiqləşdirilmiş məlumat ictimaiyyətə əlavə olaraq təqdim ediləcəkdir.
Bizim.Media


































































































