Azərbaycanda ən çox üstünlük verilən tropik meyvələrdən olan banan süfrələrin, məclislərin bəzəyi, uşaqların isə sevimli meyvəsidir. Lakin bu meyvə gələn ildən süfrəmizdən əksilə bilər, çünki qiymətində ciddi artım təhlükəsi yaranır.
Belə ki, Yaxın Şərqdə davam edən münaqişələr beynəlxalq daşımaların marşrutlarına və logistika xərclərinə təsir göstərdiyi üçün dünya bazarında qiymətlərin yüksəlməsi qaçılmazdır.
Bundan başqa, El-Nino qasırğası səbəbindən yaranmış quraqlıq da banan yetişdirilməsi və bazarların təmin olunmasında çətinlik yaradır. İqtisadçılar bildirirlər ki, proqnozlar özünü doğrultsa, gələn il bananın qiyməti son 10 ilin ən yüksək səviyyəsinə çata bilər.
Bəs bu proses Azərbaycanda bananın qiymətinə necə təsir göstərəcək və sevimli meyvəmiz nə qədər bahalaşa bilər?
Hazırda Bakı və ətraf ərazilərdə bananın orta pərakəndə qiyməti təxminən 2.50-2.80 Azn arasında dəyişir. 2027-ci ildə bananın qiymətində artım riski gözlənilsə də ölkədə konkret neçə faiz artım olacağı dəqiq bilinmir. Amma 3 manatı keçməsi mümkündür.
Xatırladaq ki, Azərbaycan banan tələbatını əsasən idxal hesabına ödəyir və əsas tədarükçüsü Ekvadordur. Azərbaycanın banan idxalının 99,9%-i Ekvadorun payına düşür.
Maraqlıdır, yerli istehsalı artarsa bu, gələcəkdə qiymətlərə təsir edə bilərmi?
Azərbaycanda yerli banan becərilsə də geniş yayılmayıb. Bunun başlıca səbəbi qeyri-münasib iqlimdir, çünki banan üçün ilboyu isti hava, kifayət qədər rütubət lazım gəlir. Bizdə isə əksər bölgələrdə şaxtalı, quru qış temperaturu açıq sahədə banan yetişdirməyə mane olur.
İndiyədək bir neçə istixanalar yaradılıb. Məsələn, ötən il Bakının Zirə qəsəbəsində banan yetişdirilməyə başlanılıb. 2024-cü ildə isə Astaranın 2 kəndində 2 hektar ərazidə banan istixanası yaradılıb.
Bundan əvvəl isə Lənkəran və Masallı rütubətli subtropik zona olduğu üçün banan yetişdirmək cəhdləri olub, lakin bitkilər gözlənilən ölçü və keyfiyyətdə məhsul verməyib. Ona görə də yerli istehsalın artaraq idxaldan asılılığın azaldılması hələ ki mümkün görünmür.
Şəfiqə Şəfa, Bizim.Media































































































