Təhlükəli malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması və məhv edilməsi ilə bağlı qaydalar müəyyənləşdirilir.
Bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Texniki tənzimləmə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Layihəyə görə, insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən və texniki tənzimləmənin şamil olunduğu malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydalara uyğun olaraq həyata keçiriləcək.
Dəyişiklik təhlükəli malların bazarda qalmasının və insanların həyatına və sağlamlığına zərər vurmasının qarşısının alınmasına yönəlib.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Qanunun tətbiqi hansı yeniliklərə səbəb olacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, 2021-ci ilə qədər ölkəmizdə Nazirlər Kabinetinin 343 saylı qərarı qüvvədə idi:
“Qərara əsasən təhlükəsizliyi təmin olunan 100-dən artıq məhsul növü müəyyən edilmişdi. Bu siyahıya ərzaqlar, uşaq oyuncaqları və digər məhsullar daxil edilmişdi. Bu qərarın ləğvindən sonra reqlamentlər yaradıldı. Reqlamentlər malların təhlükəsizliyini müəyyən sənədlər toplusudur. Lakin malların geri çağırılmasının bu vaxtadək ölkəmizdə hüquqi tənzimlənməsi olmayıb. Ona görə də yeni qanun layihəsi çox vacib sənəddir”.
“Malların geri çağırılması çox çətin bir prosesdir”.
Eyyub Hüseynov bildirib ki, ən yaxşı halda marketlərdəki mallar satışdan çıxarıla bilər:
“Amma satılmış məhsulları geri çağırmaq çox çətindir. Çünki əksər hallarda alış-veriş nağd aparılır. Belə halda hansı malın kim tərəfindən alınmasını müəyyən etmək mümkünsüzdür. Yalnız nağdsız ödəniş edilən zaman alıcını müəyyən etmək mümkündür. Dünya praktikasında bu sahədə hələlik ən böyük uğura Sinqapur imza atıb”.
Malların geri çağırılmasından sonrakı proses əsas məsələdir
Müsahibimiz qeyd edib ki, dünya praktikasında bu məsələ qaranlıq olaraq qalır:
“Ölkəmizdə də bu sahədə şəffaflıq yoxdur. Təhlükəli və yaxud istehlak müddəti başa çatmış malların necə məhv edildiyi barədə ictimaiyyətdə məlumat demək olar ki, yoxdur. İnanmaq istərdik ki, bu qanun qəbul olunandan və qüvvəyə minəndən sonra bu sahədə müəyyən şəffaflıq olacaq”.
Surxay Atakişiyev, Bizim.Media































































































