Xankəndi şəhərində MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilib.
Bizim.Media xəbər verir ki, iclas Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə baş tutub.
Agentliyin sədri Elnur Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, iclasın Xankəndidə keçirilməsi Qarabağın beynəlxalq dialoq və tərəfdaşlıq məkanına çevrilməsinin əyani göstəricisidir.
Onun sözlərinə görə, tədbirdə MDB İcraiyyə Komitəsinin, Orta Asiya ölkələrinin və Rusiya Federasiyasının yüksək səviyyəli nümayəndə heyətləri, eləcə də Belarusun antiinhisar tənzimlənməsi və ticarət naziri iştirak edib.
Elnur Bağırov qeyd edib ki, Azərbaycan 1993-cü ildən Şuranın üzvüdür və indiyədək dörd dəfə bu qurumun iclaslarına ev sahibliyi edib.
İclasda üzv dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi, rəqabət qanunvericiliyinin tətbiqi sahəsində təcrübə mübadiləsi, rəqabət orqanlarının fəaliyyəti və müasir bazar çağırışlarına uyğun tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Rəqəmsallaşma, süni intellekt əsaslı biznes modelləri və transsərhəd iqtisadi fəaliyyətin rəqabət siyasətinə təsiri də diqqət mərkəzində olub.
Agentliyin sədri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı ilin sentyabrında imzaladığı sərəncamla qəbul edilmiş rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin aradan qaldırılmasına dair milli fəaliyyət planı barədə də iştirakçılara məlumat verilib. O, iclasda bölüşülən təcrübənin həmin planın uğurla həyata keçirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Tədbir çərçivəsində Şuranın əvvəlki iclasında qəbul edilmiş qərarların icra vəziyyəti və MDB-yə üzv dövlətlərin Antiinhisar Qanunvericiliyinin Pozulmalarının Birgə Araşdırılması üzrə Qərargahının fəaliyyəti də nəzərdən keçirilib.
İclasda Qazaxıstan Respublikası növbəti dövr üçün Şuraya sədrlik edən ölkə seçilib. Şuranın növbəti, 62-ci iclasının isə Qırğızıstan Respublikasında keçirilməsi qərara alınıb. (Apa.az)
Bizim.Media






































































































