Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasından 103 il ötür. Qardaş xalqın dövlətçilik tarixində xüsusi yeri olan bu gündə Fələstin lideri Mahmud Abbasın Yunanıstan Kiprinə rəsmi səfəri isə Ankara ilə münasibətlər, Fələstin məsələsi və Türkiyədəki islamçı siyasi çevrələrin Azərbaycan əleyhinə apardığı kampaniya baxımından diqqətçəkən mənzərə yaradır. Fələstin rəhbərliyinin Türkiyənin milli təhlükəsizlik maraqları ilə həssas şəkildə bağlı olan Kipr məsələsində hansı diplomatik hesablamalara üstünlük verdiyi, Ankaradakı siyasi dairələrin isə bu səfəri necə şərh edəcəyi ciddi müzakirə mövzusudur.
Mahmud Abbasın Kiprə səfəri yeni elan edilmiş təsadüfi bir görüş deyil. Fələstin Prezidenti oktyabrın 28-də adaya gəlib, oktyabrın 29-30-da isə Kipr Prezidenti Nikos Xristodulidis ilə danışıqlar aparır. Rəsmi gündəlikdə ikitərəfli münasibətlər, Fələstin və regiondakı vəziyyət, Avropa İttifaqı ilə əlaqələr, Qəzzaya humanitar yardım və Kipr məsələsi var. Deməli, söhbət sadəcə protokol xarakterli təmasdan getmir. Fələstin rəhbərliyi Türkiyənin öz milli təhlükəsizlik gündəliyində mühüm yer tutan bir mövzuda Ankaranın tanımadığı Kipr Respublikası ilə rəsmi dialoqu davam etdirir.
Məhz burada Türkiyədəki islamçı siyasi dairələr üçün prinsip məsələsi ortaya çıxır. Azərbaycan İsraillə münasibətlərinə, Fələstin məsələsinə yanaşmasına və öz dünyəvi dövlət modelinə görə hədəfə alınanda bu çevrələrin bir qismi siyasi ittihamlarla kifayətlənmir, Azərbaycan dövlətinə və onun rəhbərliyinə qarşı təhqiramiz ritorikaya da əl atırdı. Həmin çevrələrin bir hissəsi AKP hakimiyyətinə, hakim partiyanın ayrı-ayrı təmsilçiləri ilə siyasi və ideoloji yaxınlığı ilə tanınır. İndi isə Fələstin rəhbərliyinin özünün Türkiyə üçün həssas olan istiqamətdə atdığı addım qarşısında onların nə deyəcəyi maraqlıdır.
Azərbaycanın İsraillə münasibətləri müstəqil dövlətin milli maraqlarına əsaslanan xarici siyasət seçimidir. Bakı Fələstin xalqının legitim hüquqlarını, iki dövlət prinsipini və paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini dəfələrlə bəyan edib. Azərbaycanla İsrail arasında münasibətlərin mövcudluğu bu mövqeyi avtomatik olaraq inkar etmir. Eyni zamanda, Fələstin rəhbərliyinin Yunanıstan Kipri ilə diplomatik əlaqələr saxlaması da onun Fələstin məsələsinə münasibətini öz-özünə müəyyən etmir. Ancaq bir tərəfdən Azərbaycanın xarici siyasətinə görə onu ittiham edənlər, digər tərəfdən Mahmud Abbasın addımını necə qiymətləndirəcəklər? Əgər dövlətlərin öz maraqlarına uyğun diplomatik münasibətlər qurmaq hüququ varsa, bu prinsip niyə Azərbaycana münasibətdə qəbuledilməz sayılmalıdır?
Türkiyə ilə Kipr arasındakı problem adi diplomatik fikir ayrılığı deyil. Ankara 1974-cü ildən bəri adanın şimalındakı türk kiprlilərin təhlükəsizliyini və siyasi hüquqlarını öz milli təhlükəsizlik məsələlərindən biri hesab edir, yalnız Şimali Kipr Türk Cümhuriyyətini tanıyır. Türkiyə Kipr Respublikasını adanın bütününü təmsil edən dövlət kimi qəbul etmir. Bununla belə, Kipr Respublikası beynəlxalq səviyyədə tanınan dövlətdir və Fələstin rəhbərliyi ilə uzun illərdir diplomatik münasibətlər saxlayır. Abbasın hazırkı səfəri də bu münasibətlərin davamıdır. Belə bir səfəri avtomatik olaraq Türkiyəyə qarşı hazırlanmış plan adlandırmaq üçün əsas yoxdur. Lakin onun simvolik mənası, xüsusən də 29 Oktyabr Cümhuriyyət bayramı ilə eyni günə düşməsi, siyasi müzakirələrdən kənarda qala bilməz. Ankaranın həssas olduğu məsələ təkcə səfərin tarixi deyil. Kipr, Yunanıstan və İsrail arasında son illərdə genişlənən siyasi və təhlükəsizlik əməkdaşlığı Türkiyədə diqqətlə izlənilir. Bu şəraitdə Fələstin Prezidentinin Kipr rəhbərliyi ilə görüşməsi Nicosiyanın regiondakı diplomatik mövqeyini gücləndirmək, Fələstin məsələsində öz rolunu nümayiş etdirmək və Avropa ilə əlaqələrini genişləndirmək baxımından da əhəmiyyət daşıyır. Kipr rəhbərliyi bir tərəfdən İsraillə münasibətlərini saxlayır, digər tərəfdən Fələstin rəhbərliyi ilə təmaslarını davam etdirir. Bu, dövlətlərin diplomatiyada paralel əlaqələr qurmasının nümunəsidir.
O zaman Azərbaycan üçün eyni imkan tanınanda niyə məsələ dərhal mənəvi ittihamlara çevrilir?
Əslində, son həftələr Türkiyə-Azərbaycan münasibətləri ətrafında yaranmış mübahisələr bu sualı daha da aktuallaşdırıb. AKP-yə yaxın bəzi siyasi simaların, ayrı-ayrı deputatların və islamçı media qurumlarının Azərbaycana qarşı sərt ritorikası rəsmi Bakıda da narazılıq doğurub. Yeni Azərbaycan Partiyası oktyabrın 13-də yaydığı açıqlamada Azərbaycan-İsrail münasibətlərinin təhrif edilməsini, ölkəmizin xarici siyasətinin siyasi təzyiq vasitəsinə çevrilməsini və dövlət başçısına qarşı təhqiramiz ifadələri qəbuledilməz sayıb. Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu da iki dövlətin münasibətlərində suverenliyə, qarşılıqlı hörmətə və daxili işlərə qarışmamaq prinsipinə əməl olunmasının vacibliyini vurğulayıb. Bu açıqlamalar göstərir ki, söhbət yalnız sosial şəbəkələrdəki emosional mübahisədən getmir. Azərbaycan-Türkiyə münasibətləri strateji tərəfdaşlıq, təhlükəsizlik, enerji, nəqliyyat və regional əməkdaşlıq kimi fundamental sahələrə söykənir. Belə münasibətləri ayrı-ayrı siyasi qrupların ideoloji tələblərinə qurban vermək nə Türkiyəyə, nə Azərbaycana, nə də bütövlükdə türk dünyasına fayda gətirər. “Bir millət, iki dövlət” ifadəsi iki ölkənin eyni dövlət olması demək deyil. Əksinə, bu şüar müstəqil və suveren iki dövlətin qardaşlığını ifadə edir. İndi isə həmin siyasi çevrələrin qarşısında konkret bir sınaq var. Azərbaycan İsraillə münasibətlərinə görə tənqid ediləndə Fələstin xalqına dəstəyin ölçüsü diplomatik əlaqələrin kəsilməsi, siyasi təzyiq və hətta təhqirlərlə müəyyənləşdirilirdi. Mahmud Abbasın Kipr səfəri qarşısında da eyni sərt meyar tətbiq ediləcəkmi? Yoxsa Fələstin rəhbərliyinə münasibətdə birdən-birə diplomatik realizm, dövlət maraqları və beynəlxalq münasibətlərin mürəkkəbliyi yada düşəcək?
Əgər Abbasın səfəri “Fələstinin suveren qərarıdırsa”, Azərbaycan da öz xarici siyasətini müstəqil şəkildə müəyyənləşdirmək hüququna malikdir. Əgər Fələstin rəhbərliyi Kiprlə əlaqələri davam etdirə, İsraillə diplomatik münasibətləri olan dövlətlərlə işləyə və beynəlxalq platformalarda öz maraqlarını müdafiə edə bilirsə, Azərbaycanın da öz təhlükəsizlik, enerji və müdafiə maraqlarına uyğun tərəfdaşlıqlar qurması legitimdir. Bu, Fələstin xalqına qarşı çıxmaq deyil. Eyni zamanda Azərbaycanın İsraillə münasibətlərini əsas gətirərək onu Fələstin məsələsində prinsipial mövqedən uzaqlaşmaqda ittiham etmək də faktlarla əsaslandırılmalıdır. AKP-yə yaxın islamçı dairələrin əsas problemi məhz burada üzə çıxır. Onlar bəzən özlərinə yaxın olan siyasi qüvvələrin addımlarına başqa, Azərbaycan kimi müstəqil siyasət yürüdən dövlətlərin qərarlarına isə tamam fərqli meyarlarla yanaşırlar. Bu, prinsipiallıq deyil, siyasi seçicilikdir. Fələstin məsələsi də, Kipr məsələsi də siyasi ritorikanın və emosional şüarların girovuna çevrilməməlidir. Əgər söhbət milli maraqlardan gedirsə, onda hər bir dövlətin maraqları eyni ölçüdə qəbul edilməlidir.
Mahmud Abbasın səfərinin Türkiyəyə qarşı qəsdən verilmiş diplomatik şapalaq olduğunu iddia etmək üçün sübut yoxdur.
Burada daha diqqətçəkən məqam isə Fələstin rəhbərliyinin xarici siyasət komandasının formalaşdırılması ilə bağlıdır. Mahmud Abbas 2025-ci ilin iyununda Varsen Aqabekyanı xarici işlər və xaricdəki fələstinlilərlə iş üzrə nazir vəzifəsinə təyin edib. Erməni əsilli olan Aqabekyanın bu posta gətirilməsi Azərbaycan ictimaiyyətində suallar doğura biləcək siyasi faktdır. Söhbət bir insanın etnik mənşəyinə görə dövlət vəzifəsi tutmaq hüququnu mübahisələndirməkdən getmir. Məsələ ondadır ki, Ermənistanla münasibətlərini genişləndirən, İrəvanın Fələstini tanımasını yüksək qiymətləndirən və diplomatik əlaqələrini rəsmiləşdirən Fələstin rəhbərliyi eyni zamanda Azərbaycandan daha çox dəstək gözləyir.
O zaman Azərbaycanı Fələstin məsələsində yetərincə prinsipial olmamaqda ittiham edənlər bu münasibətlərin digər tərəfini niyə müzakirə etmirlər? Nə üçün Azərbaycanın öz milli maraqlarına uyğun qurduğu əlaqələr qınaq obyektinə çevrilir, Fələstin rəhbərliyinin Ermənistanla siyasi yaxınlaşması isə eyni sərtliklə dəyərləndirilmir?
Bu mənzərə bir daha göstərir ki, beynəlxalq münasibətlərdə emosional şüarlar deyil, konkret siyasi maraqlar həlledici rol oynayır. Azərbaycan Fələstin xalqının hüquqlarını müdafiə etməklə yanaşı, öz milli maraqlarını da qorumaq məcburiyyətindədir. Heç bir dövlətin Fələstin məsələsinə münasibəti onun Ermənistanla bağlı mövqeyini unutmasına əsas vermir. Eyni qaydada, Fələstin davası da Azərbaycanı təhqir etmək, onun suveren xarici siyasətinə müdaxilə etmək və Türkiyə-Azərbaycan qardaşlığını şübhə altına almaq üçün bəhanəyə çevrilməməlidir.
Doğrudur, bu səfərin 29 Oktyabr tarixinə düşməsi də öz-özlüyündə onun Ankara əleyhinə planlaşdırıldığını göstərmir. Lakin diplomatiyada simvolik tarixlərin və siyasi mesajların əhəmiyyəti danılmazdır. Fələstin rəhbərliyinin Türkiyənin həssas yanaşdığı Kipr məsələsində rəsmi təmaslarını davam etdirməsi Ankarada suallar yarada bilər. Xüsusilə də Türkiyədə Fələstin davasını öz siyasi nüfuzunun əsas alətlərindən birinə çevirən çevrələrin bu hadisəyə hansı münasibət göstərəcəyi diqqət çəkir. Burada başqa bir ziddiyyət də var. Kipr rəhbərliyi Fələstin məsələsində humanitar rolunu, o cümlədən Qəzzaya yardım üçün istifadə edilən “Amalthea” dəniz dəhlizini önə çıxarır. Deməli, Abbasın səfəri həm də Fələstin tərəfinin humanitar dəstək və Avropa ilə münasibətlər baxımından diplomatik imkanları genişləndirmək cəhdi kimi təqdim olunur. Bunu nəzərə almadan səfəri yalnız Türkiyəyə qarşı addım kimi qələmə vermək hadisənin bütün mənzərəsini əks etdirməz. Amma eyni zamanda, bu diplomatik reallıq Azərbaycanı hədəfə alanlara bir daha xatırlatmalıdır ki, beynəlxalq münasibətlərdə dövlətlər öz maraqlarını müxtəlif tərəfdaşlarla əlaqələr qurmaqla təmin edirlər.
Türkiyənin Cümhuriyyət bayramı günü Fələstin liderinin Kiprdə olması Ankaradakı siyasi çevrələr üçün narahatlıq doğurursa, həmin çevrələr əvvəlcə öz ritorikalarını nəzərdən keçirməlidirlər. Azərbaycanı öz xarici siyasətinə görə təhqir etmək asandır. Çətin olan isə eyni prinsipiallığı bütün tərəflərə münasibətdə qorumaqdır. Fələstin davasına dəstək vermək Azərbaycanı İsraillə münasibətlərinə görə düşmən elan etməyi tələb etmir. Türkiyəyə qardaşlıq da Azərbaycanın suveren qərarlarına müdaxilə etmək hüququ yaratmır.
Bir sözlə Azərbaycanı Fələstin məsələsində “kifayət qədər dəstək verməməkdə” ittiham edən AKP-yə yaxın siyasi və media çevrələri Mahmud Abbasın Türkiyənin milli təhlükəsizlik baxımından həssas hesab etdiyi Kiprə Cümhuriyyət bayramı günü səfərinə də eyni sərtliklə münasibət bildirəcəklərmi, yoxsa dövlətlərin müstəqil qərarlarına hörmət prinsipini yalnız Azərbaycan üçün istisna edəcəklər? Əgər cavab ikinci variantdırsa, onda burada Fələstin davasına sədaqətdən daha çox siyasi ikili standartlardan söhbət gedir. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri ayrı-ayrı islamçı qrupların təhqirləri və ideoloji təzyiqləri ilə ölçülməməlidir. Həqiqi müttəfiqlik bir-birinin hər qərarını eynilə təkrarlamaq deyil, fikir ayrılıqları zamanı belə suverenliyə və qarşılıqlı hörmətə sadiq qalmaqdır. 29 Oktyabrın əsas dərsi də budur ki, dövlətçilik emosional şüarlarla deyil, müstəqil qərarvermə, milli maraqlar və qarşılıqlı hörmətlə qorunur... (Mənbə: Musavat.com)
Bizim.Media













































































































