“Mad Men” və “Landman” kimi məşhur seriallardakı rolları ilə tanınan amerikalı aktyor Con Hamm 55 yaşında ilk dəfə ata olmağa hazırlaşır.
Bizim.Media xəbər verir ki, Hamm 2023-cü ildə özündən 17 yaş kiçik aktrisa Anna Osceola ilə ailə qurub. İndi isə cütlük ilk övladlarını dünyaya gətirməyə hazırlaşır.
55 yaşlı aktyor və 38 yaşlı həyat yoldaşı bir müddət əvvəl İtaliyada istirahət edərkən görüntülənib. Səfər zamanı Osceolanın hamilə olduğu diqqətdən yayınmayıb və cütlüyün valideyn olacağı məlum olub.
Con Hamm və Anna Osceola ilk dəfə “Mad Men” serialının çəkiliş meydançasında tanış olublar. Osceola serialın final bölümündə kiçik rollardan birini canlandırıb. Həmin vaxt Hamm uzunmüddətli münasibətinin başa çatmasından sonra çətin dövr keçirirdi və Osceola ilə münasibət qurmayıb.
Onların yolları beş il sonra yenidən kəsişib. 2020-ci ildə sevgili olan cütlük üç il sonra evlənib. Toy mərasimi də “Mad Men” serialının çəkildiyi məkanda baş tutub.
Cütlüyün münasibəti yaş fərqinə görə zaman-zaman sosial mediada tənqid edilsə də, bu, onların birlikdəliyinə mane olmayıb.
Hamm daha əvvəl müsahibəsində uzunmüddətli münasibətdən sonra yenidən ciddi münasibətə başlamağın onun üçün asan olmadığını bildirmişdi.
İndi isə aktyor həyatında yeni mərhələyə qədəm qoyur. Con Hamm və Anna Osceola ilk övladlarının dünyaya gəlməsini səbirsizliklə gözləyirlər. (Demokrat.az)
Bizim.Media

































































































