Dünyaşöhrətli müğənni Şakira Uqandanın məşhur “Ghetto Kids” rəqs qrupunun üzvlərini evində qonaq edib.
Bizim.Media xəbər verir ki, müğənni bununla bağlı “Instagram” hesabında paylaşım edərək uşaqlarla keçirdiyi günləri unudulmaz adlandırıb.
“Son bir neçə gün sözlə ifadə edilə bilməyəcək qədər böyük sevgi ilə dolu keçdi. Sizi həyatınızda ilk dəfə çimərliyə apardım və hər gün ailəmizlə, dostlarımızla birlikdə vaxt keçirdik. Haraya getsəniz, oranı necə dəyişdirdiyinizi və qarşılaşdığınız hər kəsin qəlbinə toxunduğunuzu heyranlıqla izlədik.
Sizinlə vidalaşmaq çox çətin idi. Çünki siz sevgini həm verməyi, həm də qəbul etməyi indiyədək görmədiyim şəkildə bacarırsınız. Bu, günlərimizi daha işıqlı etdi və bizə göstərdi ki, ürəyimizi açdıqda əsl möcüzələr baş verir. Siz bizə sübut etdiniz ki, haradan gəlməyimizdən, nəyə sahib olmağımızdan və ya nəyimizin çatışmamasından asılı olmayaraq, bir-birimizi sevə bilərik.
Fərqli qitədə doğulsanız, başqa mədəniyyətdə yaşasanız və başqa dildə danışsanız belə, sizi artıq öz övladlarım kimi sevirəm. Sizinlə keçirdiyim vaxt mənə bir daha xatırlatdı ki, dünyadakı hər bir uşaq öz övladımız kimi sevilməli və qayğı görməlidir. Uşaqlar bu dünyaya anaları və ataları vasitəsilə gəlirlər, amma onların xoşbəxtliyi hamımızın məsuliyyətidir.
İvan, Riki, Cozef, Brayton, Keşa, Cojo, Siara və Ketra, özünüz olduğunuz və bizə həyat, sevgi və insanlıq haqqında ən dəyərli dərsləri öyrətdiyiniz üçün təşəkkür edirəm. Sizi həmişə və əbədi olaraq sevəcəyik!”, - o qeyd edib.
Xatırladaq ki, Uqandanın paytaxtı Kampala şəhərində yaradılan bu qrup əvvəllər “Triplets Ghetto Kids” adı ilə fəaliyyət göstərib. Dünya çempionatının final şousunda “Ghetto Kids” dünyaşöhrətli müğənni Şakiranın “Burna Boy” ilə ifa etdiyi “Dai Dai” mahnısı zamanı müğənni ilə birlikdə səhnəyə çıxaraq rəqs edib.
Bildirilib ki, qrup Şakiranın dəvəti ilə final mərasiminə qatılıb və çıxışdan əvvəl məşqlərdə iştirak edib.









Bizim.Media

































































































