Nişanlandıqdan cəmi bir həftə sonra Tanzaniyadakı beşulduzlu "Zuri Zanzibar" otel kompleksində faciəvi şəkildə həyatını itirən 31 yaşlı amerikalı bloqer Eşli Ceneyin (əsl adı: Eşli Robinson) ölüm səbəbi rəsmən açıqlanıb.
Bizim.Media xəbər verir ki, Zanzibar polisi araşdırmanı başa çatdıraraq gənc qızın ağır emosional stress fonunda intihar etdiyi qənaətinə gəlib.
İstintaq orqanları hadisədə cinayət izinin olmadığını, mərhumun və onun nişanlısının telefon yazışmalarında Eşlinin dərin mənəvi böhran keçirdiyinin bəlli olduğunu bəyan ediblər.
Hadisə baş verən gecə cütlük arasında güclü mübahisə düşüb və otel personalı təhlükəsizlik məqsədilə qızın nişanlısı – 45 yaşlı kriptomilyarder Co Makkannı başqa nömrəyə köçürüb. Bir qədər sonra o, mühafizəçi ilə birlikdə villaya qayıdanda Eşlini qapı dəstəyindən asılmış vəziyyətdə tapıb.
Rəsmi qərara baxmayaraq, bloqerin valideynləri və bacısı onun intihar etdiyinə qətiyyən inanmırlar. Onlar gənc qızın ölümünü "hədsiz dərəcədə şübhəli" adlandıraraq, nişanlısının onlara hadisə barədə yalnız 11 saat sonra xəbər verdiyini və suallardan yayındığını bildiriblər.
Ailəsinin sözlərinə görə, Eşli ölümündən bir neçə gün əvvəl "FaceTime" zəngində çox xoşbəxt olduğunu deyib.
Bizim.Media



































































































