Əməkdar artist Abbas Bağırov müğənnilərin qonorarlarının müzakirə olunmasına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, ifaçı sosial şəbəkə hesabından etdiyi paylaşımda məbləğin yüksək olmasını qınayanları tənqid edib.
"Bir sənətçinin qonorarını müzakirə edərkən bir az daha diqqətli olmaq lazımdır. Araşdırma aparıb hansısa rəqəmi paylaşmaq asandır. Amma o rəqəmin arxasında duran zəhməti, məsuliyyəti və böyük bir komandanı da nəzərə almaq lazımdır. Bir sənətçinin aldığı qonorar təkcə onun şəxsi qazancı deyil. Bir müğənninin ətrafında minimum 12-15 nəfərlik komanda çalışır: musiqiçilər, səs rejissoru, texniki heyət, assistentlər, köməkçilər və digər əməkdaşlar.
Onların hər birinin əməyi, zəhməti və qazancı həmin qonorarın içindədir.
Bununla da bitmir. Mahnıların alınması, aranjimanlar, studiya xərcləri, kliplərin çəkilişi, səhnə geyimləri, reklam və digər peşəkar fəaliyyətlər böyük maliyyə vəsaiti tələb edir. Ən əsası isə bu gün səhnədə görünən uğurun arxasında illərlə çəkilən zəhmət, yuxusuz gecələr, minlərlə kilometr yol və böyük fədakarlıq dayanır.
Ona görə də bir sənətçinin qonorarını müzakirə edərkən yalnız rəqəmə yox, həmin rəqəmin arxasında duran əməyə və peşəkarlığa da baxmaq lazımdır. Hər kəs öz zəhmətinin və sənətinə verdiyi illərin qarşılığını almağa layiqdir".
Bizim.Media


































































































