Moderator.az xəbər verir ki, tanınmış hüquqşünas, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Qurban Məmmədov təmsilçisi olduğu hakimiyyətə sonradan asi düşərək mühacirətə gedən keçmiş deputat "Quska" ləqəbli Hüseyn Abdullayevin antiiqtidar açıqlamalarına "Azadlıq" qəzetinin həvəslə yer verməsini aşağıdakı sözlərlə qınayıb:
"Keçmişdə saxta parlament seçkilərindən bəhrələnənlərin "azadlıq, demokratiya" uğrunda mübariz kimi təbliğ edilmələri yaxşı heç nə vəd etmir.
Keçmişdə buraxdığı səhvləri etiraf etməyənlərin, keçmişinə görə tövbə etməyənlərin müxalif cinaha qəbul edilməsi, etdirilməsi siyasi baxımdan səhvdir və ziyanlıdır.
Keçmişdə rejimə xidmətiylə bu gün də fəxr edənlərin, H.Əliyevlə əməkdaşlığından qürur duyanların "cəsarətlərinə" çox da bel bağlamayın.
Belə getsə, xalq ağı qaradan, pisi yaxşıdan, xeyri şərdən seçə bilməyəcək.
Bu ziyanlı prosesdə "Azadlıq"ın iştirakı heç yaxşı deyil.
Pis nümunələr təbliğ edilir.
P.S.
2005-ci il parlament seçkilərində mənim qələbəmin alıcısının kim olduğunu unutdunuzmu? Gəlin bir-birimizə, millətimizə və nəhayət, məşğul olduğumuz işə hörmət edək".



































































































