Axşam radələrində Zaqatala rayonuna yağan güclü yağış və külək nəticəsində şəhər ərazisində irigövdəli ağacın bir hissəsi yola aşıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, güclü külək və leysan yağışları ilə müşahidə olunan təbiət hadisəsi nəticəsində şəhərin İmam Şamil küçəsində irigövdəli ağacın bir hissəsi nəqliyyat vasitələrinin intensiv olduğu yola düşüb.
İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Leysan yağışları və külək bir qədər ara verdikdən sonra şəhər nümayəndəliyi və kommunal təsərrüfat birliyinin əməkdaşları hadisə yerinə gəlib, yola aşan ağacın gövdəsini mişarla hissəslərə bölərək yoldan təmizləyiblər.
Şəhər nümayəndəliyindən bildirilib ki, küçədə hərəkət qısa müddətdə bərpa olunub. Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam etsə də hələlik ciddi fəsadlar qeydə alınmayıb.
O da diqqətə çatdırılıb ki, hava şəraiti nəzərə alınaraq şəhər nümayəndəliyi və kommunal təsərrüfat birliyinin əməkdaşları növbəli şəkildə fəaliyyət göstərir, baş verə biləcək hər hansı təbiət hadisəsinə dərhal reaksiya verilir və aradan qaldırılması istiqamətində işlərə başlanılır.




Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu




































































































