"Birinci sertifikatlaşdırmada 50-dən yuxarı bal toplayaraq 35 faiz əməkhaqqı əlavəsi alan müəllim növbəti imtahanda 50 baldan aşağı nəticə göstərərsə, ona yalnız 10 faiz əlavə veriləcək."
Bizim.Media xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə jurnalistlərin sualını cavablandırarkən deyib.
Nazir bildirib ki, sertifikatlaşdırma nəticələrinə uyğun əməkhaqqı əlavələri növbəti imtahanlarda əldə olunan nəticələr əsasında yenidən müəyyənləşdirilir.
Onun sözlərinə görə, əgər müəllim ilk sertifikatlaşdırmada 50 və daha yuxarı bal toplayaraq 35 faiz əməkhaqqı əlavəsi alıbsa, lakin növbəti sertifikatlaşdırmada 50 baldan aşağı nəticə göstərərsə, ona 35 faiz deyil, yalnız 10 faiz əməkhaqqı əlavəsi veriləcək.
Qeyd edək ki, tədbir bu gün ADA Universitetində baş tutub. Tədbir çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev tərəfindən müəllimlərin sertifikatlaşdırılması prosesinin 5 illik nəticələri, birinci dövriyyənin yekunu barədə təqdimat edilib.
Xədicə Paşayeva, Vüqar Ağayev, Bizim.Media



































































































