Bu gün dünya şəhərlərinin gələcəyi, dayanıqlı urbanizasiya və müasir şəhərsalma prinsipləri ətrafında aparılan qlobal müzakirələrin mərkəzində Azərbaycan da yer alır. Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cı sessiyası (WUF13) yalnız müasir urbanizasiya problemlərinin deyil, həm də qədim şəhərsalma ənənələrinin yenidən qiymətləndirilməsi baxımından mühüm platformaya çevrildi.
Forum günlərində Azərbaycanın qədim yaşayış məskənlərinə, tarixi şəhərlərinə və arxeoloji abidələrinə marağın artması isə təsadüfi deyil. Çünki Azərbaycan torpaqları minilliklər boyu formalaşmış zəngin şəhərsalma mədəniyyətinin canlı muzeyidir. Bu qədim irsin ən möhtəşəm nümunələrindən biri isə Şəmkir rayonunun ərazisində yerləşən qədim Şəmkir şəhəridir.
Bizim.Media xəbər verir ki, qədim Şəmkir yalnız orta əsr şəhəri deyil, həm də Azərbaycanın urbanizasiya tarixinin, mühəndislik düşüncəsinin və dövlətçilik ənənələrinin daş yaddaşıdır.
Əsrlər boyu Böyük İpək Yolunun mühüm qovşaqlarından biri olan Şəmkir, Qafqazın ən inkişaf etmiş şəhərlərindən biri kimi tanınıb. Tarixi mənbələr və arxeoloji tədqiqatlar göstərir ki, şəhər V–VI əsrlərdən XIII əsrin 30-cu illərinədək mövcud olub, IX–XII əsrlərdə isə özünün ən qüdrətli inkişaf mərhələsini yaşayıb.
Şəddadilər və Azərbaycan Atabəyləri dövründə Şəmkir regionun mühüm siyasi, iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilib.
Bu gün müasir şəhərsalma anlayışında xüsusi əhəmiyyət verilən planlaşdırılmış urbanizasiya, təhlükəsizlik, su təminatı, kommunikasiya və sosial infrastruktur kimi prinsiplərin bir çoxu qədim Şəmkirdə hələ min il əvvəl tətbiq edilirdi.
Şəhər üç əsas hissədən – Narınqala, şəhristan və rabaddan ibarət mükəmməl topoqrafik quruluşa malik idi. Şəhristan müdafiə divarları ilə əhatələnmiş əsas yaşayış hissəsi, Narınqala isə şəhərin siyasi və hərbi mərkəzi hesab olunurdu. Şəmkirçayın sol sahilində strateji mövqedə yerləşən Narınqala çay yatağından təxminən 9 metr yüksəklikdə salınmışdı.
Arxeoloji qazıntılar zamanı aşkarlanan küçə şəbəkələri, yaşayış evləri, sənətkarlıq məhəllələri, su xətləri, kanalizasiya sistemləri və müdafiə tikililəri qədim Şəmkirin yüksək şəhərsalma mədəniyyətinə malik olduğunu açıq şəkildə göstərir. Tədqiqatlar sübut edir ki, şəhərdə su təminatı peşəkar mühəndislik prinsipləri əsasında qurulub.
Orta əsrlərə aid kəhriz sisteminin qalıqları həmin dövr üçün son dərəcə inkişaf etmiş kommunal infrastrukturun mövcudluğunu təsdiqləyir.
Qədim Şəmkir Şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşı Xəyal Səməndərli Bizim.Media-nın yerli bürosuna bildirib ki, WUF13 forumu günlərində qoruğa turist axını daha da artmışdı:
“2025-ci ilin birinci rübü ilə müqayisədə 2026-cı ilin birinci rübü ərzində turist sayı təxminən iki dəfə artıb. Buraya gələn insanlar hər addımda tarixin izlərini hiss edirlər. Qədim Şəmkir sanki torpaq altında gizlənmiş böyük bir şəhərin yenidən üzə çıxmasıdır”.
Onun sözlərinə görə, Narınqalanın şimal-şərq sektorunda yerləşən və IX–X əsrlərə aid monumental bina erkən islam dövrü memarlığının ən maraqlə komplekslərindən biridir.
Sahəsi 2000 kvadratmetrdən artıq olan bu memarlıq kompleksi qədim Azərbaycan şəhərlərində dövlət idarəçiliyinin və ictimai həyatın yüksək səviyyədə təşkil olunduğunu göstərir. Şəmkirin memarlıq irsi içərisində qədim körpülər də xüsusi yer tutur.
Şəmkirçay üzərində yerləşən və XI əsrə aid olduğu ehtimal edilən körpü orta əsr mühəndislik sənətinin nadir nümunələrindən sayılır. Uzunluğu təxminən 300 metr olan bu körpü Arran memarlıq məktəbinin xüsusiyyətlərini özündə birləşdirir. Tikilidə çay daşı, bişmiş kərpic və yerli ağ daşlardan istifadə olunub. Körpü yalnız nəqliyyat vasitəsi deyil, həm də Böyük İpək Yolunun mühüm strateji bağlantılarından biri idi.
Narınqalanın divarlarında istifadə olunan tikinti texnologiyası da diqqəti cəlb edir. Divar səthində daşların ritmik düzülüşü polixrom memarlıq üslubu yaradaraq tikiliyə həm estetik görünüş, həm də əzəmət qazandırır.
Bu fakt bir daha sübut edir ki, qədim Azərbaycan memarları yalnız müdafiə məqsədini deyil, bədii tərtibatı da yüksək səviyyədə düşünürdülər.
Qazıntılar zamanı aşkarlanan ox ucluqları, xəncərlər, əmək alətləri, məişət əşyaları, dini inanc nümunələri, qızıl, gümüş və mis sikkələr qədim Şəmkirin geniş beynəlxalq ticarət əlaqələrinə malik, inkişaf etmiş şəhər olduğunu sübut edir. Tapıntılar göstərir ki, burada yalnız hərbi və inzibati həyat deyil, sənətkarlıq, ticarət və gündəlik şəhər həyatı da yüksək səviyyədə formalaşıb.
Bu gün qədim Şəmkir dünya əhəmiyyətli arxeoloji abidə kimi qorunur. 2019-cu ildə Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılan Qədim Şəmkir Şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğu 65,4 hektar ərazini əhatə edir. Qoruq həm elmi tədqiqatların aparıldığı mühüm mərkəz, həm də Azərbaycanın tarixi turizm marşrutlarının əsas istiqamətlərindən biridir.
WUF13 forumunun əsas mesajlarından biri şəhərlərin yalnız gələcək üçün deyil, keçmişin təcrübəsi üzərində qurulmasının vacibliyidir. Qədim Şəmkir isə bu baxımdan Azərbaycanın dünyaya təqdim etdiyi ən mühüm nümunələrdən biridir. Çünki burada min il əvvəl formalaşmış şəhərsalma prinsipləri bu gün də aktuallığını qoruyur: təhlükəsiz urbanizasiya, düzgün planlaşdırma, dayanıqlı su təminatı, ictimai məkanların təşkili və mühəndislik həlləri.
Qədim Şəmkir bir daha sübut edir ki, Azərbaycan torpaqlarında şəhərsalma mədəniyyətinin kökləri olduqca qədimdir. Bu torpaqlarda hələ orta əsrlərdə mükəmməl şəhərlər salınır, inkişaf etmiş memarlıq nümunələri yaradılır, kompleks kommunal və müdafiə sistemləri qurulurdu. Bu gün həmin irs həm Azərbaycan tarixinin şanlı səhifəsi, həm də müasir urbanizasiya dünyasına verilən mühüm mesajdır.
Qədim Şəmkir sadəcə qədim yaşayış məskəni deyil. O, Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, şəhər mədəniyyətinin və memarlıq dühasının əsrləri aşaraq günümüzə gəlib çatan canlı abidəsidir.















Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu



































































































