Qərbi Avropada müşahidə olunan ekstremal isti hava şəraiti dəmir yolu relslərinin deformasiyasına (əyilməsinə) və asfaltın əriməsinə gətirib çıxarıb. Bu vəziyyət qatarların gecikməsinə və ləğv edilməsinə, nəqliyyat infrastrukturunun işində ciddi qüsurlara və çaylarda gəmiçiliyin məhdudlaşdırılmasına səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) rəsmi nümayəndəsi Jan Rodriqes Cenevrədə keçirdiyi brifinqdə bəyan edib.
Onun sözlərinə görə, Qərbi Avropaya təsir edən güclü istilər iqlim risklərini, eləcə də onların nəqliyyat infrastrukturuna təsirini və fəsadlarını bariz şəkildə nümayiş etdirib:
"Bir neçə nümunəni qeyd edə bilərəm: relslərin əyilməsi, qatarların sıradan çıxması və genişlənmiş yollara kinetik yükü azaltmaq üçün hərəkət sürətinin aşağı salınması səbəbindən bir çox ölkədə qatarlar gecikir və ya təxirə salınır. Kabel və siqnal avadanlıqlarında qırılmalar baş verir, asfalt əriyir və deformasiyaya uğrayır, işıqforların işində yaranan nasazlıqlar şəhərlərdə böyük tıxaclara yol açır. Çaylarda suyun səviyyəsinin dəyişməsi isə gəmiçiliyi zəiflədir", — deyə Rodriqes vurğulayıb.
Komissiyanın çərşənbə axşamı dərc olunmuş hesabatına istinadən qeyd edilib ki, 2050-2080-ci illərə qədər Avropanın dəmir yolu şəbəkəsinin təxminən 90%-i daha tez-tez yüksək temperaturun təsirinə məruz qalacaq. Nəqliyyat infrastrukturu ildə əlavə 10-15 gün, bəzi regionlar isə hətta 200 gün 25 dərəcə Selsidən yuxarı temperatura dözmək məcburiyyətində qalacaq.
BMT rəsmiləri xəbərdarlıq edir ki, iqlim dəyişikliyi dəmir yollarının sıradan çıxması, yol örtüyünün dağılması, körpülərin zədələnməsi, nəqliyyat xətlərinin yaxınlığında meşə yanğınları və subasmalar riskini kəskin artıracaq. Təşkilat ölkələri nəqliyyat infrastrukturunun planlaşdırılması və istismarı zamanı iqlim risklərini mütləq nəzərə almağa çağırıb.
Bizim.Media




































































































