Prezident Sərdar Berdiməhəmmədovun bu yaxınlarda Azərbaycana etdiyi dövlət səfəri çərçivəsində qardaş ölkə Türkmənistana “Dostlug” neft tankeri hədiyyə edib. Bu hadisə Xəzər dənizi sahillərində qonşuluqda yaşayan türkmən və Azərbaycan xalqları arasında əsrlər boyu davam edən dostluğun bu gün dövlətlərarası səviyyədə yeni məzmun kəsb etdiyinin növbəti rəmzi olub.
Bizim.Media “azertag.az”a istinadla xəbər verir ki, bu barədə Türkmənistan mediasında dərc olunmuş məqalədə bildirilir.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Türkmənistana neftdaşıyan tanker hədiyyə etdi – FOTO
“Bakı Gəmiqayırma zavodunda inşa edilmiş yeni yük gəmisi dərhal ilk səfərinə çıxaraq Türkmənbaşı Beynəlxalq Dəniz Limanına gəlib və burada onun təntənəli qarşılanma mərasimi keçirilib.
Türkmənistan sahilində yerləşən müasir limanda lövbər salan tankeri şəhər administrasiyasının nümayəndələri, fəxri ağsaqqallar, dəniz limanının mütəxəssisləri, dənizçilik ixtisası üzrə təhsil alan gənclər və çoxsaylı şəhər sakinləri qarşılayıblar.
Tankerin qarşılanması münasibətilə keçirilən təntənəli mərasimin proqramında mədəniyyət və incəsənət xadimlərinin musiqili çıxışları mühüm yer tutub.
Dəniz donanmasına daxil edilən və sarsılmaz türkmən–Azərbaycan dostluğu və qardaşlığının rəmzinə çevrilən “Dostlug” neft tankeri ölkəmizin dəniz ticarət donanmasının imkanlarını da genişləndirəcək. Gəminin uzunluğu 141, eni 16,9 metr, yükdaşıma qabiliyyəti isə 8 min tondur.
Tanker Xəzər dənizi vasitəsilə karbohidrogenlərin daşınma həcminin artırılmasına xidmət edəcək. Bu isə öz növbəsində iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin artmasına töhfə verəcək.
Tanker müasir gəmiçilik və dənizdə təhlükəsizlik sahəsində irəli sürülən tələblər nəzərə alınmaqla inşa edilib.
Gəminin hərəkətinə və naviqasiyasına nəzarət qabaqcıl texnologiyalar vasitəsilə həyata keçirilir.
Mərasim iştirakçıları müasir gəminin texniki imkanları ilə tanış olub, ona türkmən və Azərbaycan xalqlarının firavanlığına və rifahına, iqtisadi-ticari əlaqələrin daha da möhkəmlənməsinə xidmət etməsini, dost və qardaş Xəzərin sularında uğurlu səfərlər və xoş yol arzulayıblar”, – deyə məqalədə bildirilir.















Bizim.Media




































































































