Ermənistanın dövlət sərhədlərinin mühafizəsi mərhələli şəkildə tamamilə ölkənin Sərhəd Xidmətinə həvalə olunacaq.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 2-də parlamentin daimi komissiyalarının birgə iclasında, 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Baş nazir qeyd edib ki, bu proses müəyyən islahatlar mərhələsindən keçməlidir.
Xatırladaq ki, Ermənistan sərhədçiləri əvvəllər Rusiya sərhədçilərinin xidmət apardığı bəzi sərhəd sahələrinə və keçid məntəqələrinə nəzarəti artıq öz üzərinə götürüblər. Bunlara “Zvartnots” Beynəlxalq Hava Limanı, İranla sərhəddə yerləşən “Aqarak”, Türkiyə ilə sərhəddəki “Marqara” və “Axurik” keçid məntəqələri daxildir.
İran və Türkiyə sərhədlərində Rusiya sərhədçilərinin erməni sərhədçiləri ilə əvəzlənməsi mərhələli şəkildə həyata keçirilir və bu funksiya Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarına ötürülür.
Bizim.Media




































































































