“Geyim qaydalarına riayət olunmasına dair monitorinqlərin davam etdirilməsi nəzərdə tutulur”.
Bizim.Media xəbər verir ki, bu barədə Elm və təhsil nazirinin müavini Firudin Qurbanovun “apa.az”a müsahibəsində məlumat verib.
Nazir müavini qeyd edib ki, Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən aparılan bu monitorinqlər həm təhsilalanların, həm də təhsilverənlərin geyim qaydalarını əhatə edir:
“Monitorinqlərin məqsədi yalnız kiminsə nə geyindiyini qeydə almaq deyil, qaydaların məktəblərdə necə izah və icra edildiyini, rəhbərliyin üzərinə düşən nəzarət və maarifləndirmə işlərini nə dərəcədə yerinə yetirdiyini də izləməkdir. Başqa sözlə, həm şagirdin, həm müəllimin, həm də məktəb idarəçiliyinin məsuliyyətinə baxılır.
İlk monitorinqlər zamanı uyğun olmayan geyim halları üzrə bütün təhsil iştirakçıları ilə söhbətlər aparılıb, zəruri hallarda valideynlər də məktəbə dəvət edilib, müvafiq izahat işləri aparılıb. Bu istiqamətdə pedaqoji şuralar iş aparır və məktəb rəhbərliyi də qərarlara riayət olunmasına dair üzərlərinə düşən missiyanı yerinə yetirirlər.
Artıq monitorinqlər çərçivəsində müvafiq icra hakimiyyəti qurumları dərsə gəlməyən şagirdlərin ailələri ilə görüşlərə başlayıb. Bildiyiniz kimi, mövcud təhsil qanunvericiliyinə görə ümumi təhsil icbari xarakter daşıyır.
Bizim üçün vacib olan odur ki, müəyyən edilmiş qaydaların tətbiqi ziddiyyət mənbəyinə deyil, qarşılıqlı anlaşma və əməkdaşlığın güclənməsinə xidmət etsin. Bu baxımdan məktəb rəhbərliyi tələbləri əvvəlcədən təhsil iştirakçılarına izah etməli, valideynləri vaxtında məlumatlandırmalı, hər bir konkret vəziyyətə fərdi yanaşmalı və zəruri hallarda müvafiq təhsili idarəetmə qurumları ilə koordinasiya etməlidir”, - deyə Firudin Qurbanov əlavə edib.
Bizim.Media




































































































