ABŞ-ın Alyaska ştatında yerləşən Uitter qəsəbəsində təxminən 300 nəfər yaşayır. Sakinlərin böyük hissəsi 1950-ci illərdə inşa edilmiş 14 mərtəbəli eyni binada məskunlaşıb. Binada yaşayış mənzilləri ilə yanaşı market, poçt, polis bölməsi və klinika da fəaliyyət göstərir.
Bizim.Media xəbər verir ki, Alyaskanın sərt iqlimi ilə seçilən Uitterdə 300-ə yaxın sakinin gündəlik ehtiyaclarının böyük hissəsi Begich Towers adlı binada qarşılanır. Dağlarla okeanın arasında yerləşən qəsəbədə güclü küləklər, intensiv qar yağışı və sərt qış şəraiti insanların açıq havada hərəkətini çətinləşdirir.
14 mərtəbəli və 196 mənzildən ibarət bina 1954-cü ildə hərbi məqsədlə inşa edilib. Zamanla ətrafındakı yaşayış məntəqəsinin əsas mərkəzinə çevrilən tikili bu gün Uitterin ən diqqətçəkən simvollarından biridir.
Ərazinin coğrafi xüsusiyyətləri də qəsəbənin bu formada inkişaf etməsində mühüm rol oynayıb. Dağlar və okean arasında yerləşən Uitterdə tikinti üçün əlverişli düz ərazilərin az olması yaşayışın əsasən şaquli istiqamətdə inkişafına səbəb olub.
Qəsəbədə uşaqların məktəbə getməsi də adi yaşayış məntəqələrindən fərqlənir. Sərt hava şəraitindən qorunmaq üçün yaşayış binası ilə dövlət məktəbi arasında yeraltı tunel yaradılıb.
Beləliklə, uşaqlar güclü külək və qar yağışı zamanı çölə çıxmadan tuneldən istifadə edərək məktəbə gedə bilirlər.
Binada yaşayış sahələri ilə yanaşı market, poçt, polis bölməsi və klinikanın yerləşməsi də Uitter sakinlərinin gündəlik həyatını xeyli fərqləndirir.
Belə qeyri-adi yaşayış modeli qəsəbənin coğrafi təcridinə və sərt iqlim şəraitinə uyğunlaşmasının nəticəsi kimi təxminən 70 ildir fəaliyyət göstərir. (Musavat.com)
Bizim.Media































































































