Türkiyənin Zonguldak şəhərində üç mədənçinin ölümü, beş nəfərin yaralanması ilə nəticələnən partlayışla bağlı üç nəfər həbs edilib.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə oktyabrın 23-də Zonguldakın Kilimli rayonunun Gelik qəsəbəsində yerləşən özəl kömür mədənində baş verib.
Metan qazının toplanması nəticəsində meydana gələn partlayışla bağlı aparılan istintaq çərçivəsində işəgötürən, əməyin mühafizəsi və təhlükəsizliyi üzrə mütəxəssis, eləcə də mədən mühəndisi saxlanılıb.
Məhkəmə onların ehtiyatsızlıq nəticəsində ölümə və xəsarət yetirməyə səbəb olmaq ittihamı ilə həbsinə qərar verib. Hadisə ilə əlaqədar axtarışda olan digər mədən rəhbəri barəsində isə tutulma qərarı çıxarılıb.
Partlayış zamanı mədəndə olan səkkiz işçidən üçü həyatını itirib, beşi yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin səbəblərinin və məsul şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırma davam edir.
Bizim.Media




































































































