XX əsrin əvvəllərində Avropa sadəcə böyük imperiyaların toqquşduğu bir döyüş meydanına deyil, həm də eyni nəslin daxili intriqalarının səhnəsinə çevrilmişdi. Birinci Dünya Müharibəsinin alovları içində qarşı-qarşıya gələn üç qüdrətli monarx — Rusiya Çarı II Nikolay, Almaniya Kayzeri II Vilhelm və Böyük Britaniya Kralı V Corc — əslində bir-birinə birinci dərəcəli qan bağları ilə bağlı idilər.
Lakin bir zamanlar saray dəhlizlərində bərabər qaçışan, bir-birinə "Nikki", "Villi" və "Corci" deyə müraciət edən bu üç hökmdarın taleyi sonradan milyonlarla insanın qanına bais olacaq böyük fəlakətdə kəsişdi...
Bu monarxlar arasındakı qohumluq münasibətləri Avropanın nikah diplomatiyasının canlı sübutu idi:
V Corc və II Nikolay (Xalaoğulları): Onların anaları Danimarka Kralı IX Kristianın qızları idi. İki monarxın xarici görünüşü — üz cizgiləri, boy-buxunları, hətta saqqal formaları — o qədər eyni idi ki, onları görənlər əkiz qardaş hesab edirdilər.
V Corc və II Vilhelm (Dayıoğlu-bibioğlu): V Corcun atası Kral VII Eduard ilə II Vilhelmin anası Şahzadə Viktoriya əfsanəvi Britaniya Kraliçası Viktoriyanın övladları idi. Beləliklə, hər ikisi Kraliçanın doğma nəvələri idi.
II Nikolay və II Vilhelm: Nikolay və Vilhelm bir-biri ilə uzaq (üçüncü dərəcəli) əmioğlu olsalar da, Nikolayın həyat yoldaşı Çariça Aleksandra (Aliks) Kraliça Viktoriyanın nəvəsi idi. Bu səbəbdən Kayzer Vilhelm həm də Nikolayın xanımının birinci dərəcəli xalaoğlusu sayılırdı.
Səhv salınan monarxlar
Corci və Nikkinin arasındakı oxşarlıq zaman-zaman maraqlı və yumoristik hadisələrə səbəb olurdu. Uşaqlıq illərində onlar paltarlarını dəyişərək saray mühafizəçilərini və ətrafdakıları aldadır, bundan həzz alırdılar.
Hətta 1893-cü ildə “Bəyin oğurlanması” filmindəki toy səhnəsinin bənzəri yaşanmışdı. Ancaq o zaman İsrafili - gəlinin atasını deyil, Corcu - bəyin özünü səhv salmışdılar. Belə ki, V Corcun (o zamankı York hersoqu) toyunda saraya toplaşan zadəgan qonaqların çoxu həqiqi bəyi kənarda qoyub, Rusiya Çarı Nikolaya yaxınlaşaraq onu təbrik etmişdi. Bu gün belə onların yan-yana çəkdirdiyi tarixi fotolar sosial şəbəkələrdə insanları heyrətə gətirir və "eyni adam" təəssüratı yaradır.
Monarxlar aralarındakı rəsmi diplomatiyanı kənara qoyub ingilis dilində şəxsi məktublaşmalar aparırdılar. Məktubların sonuna çox vaxt "Sənin sadiq dostun Villi" və ya "Sənin sevgi dolu əmioğlun Nikki" imzaları atılırdı.
Lakin bu səmimi müraciətlərin arxasında dərin şəxsi gərginliklər gizlənirdi. Ailə yığıncaqlarında Kayzer II Vilhelm öz təkəbbürlü, eqoist və lovğa hərəkətləri ilə hamını bezdirirdi. V Corc və atası VII Eduard ona dərin nifrət bəsləyirdilər. Çar Nikolay isə öz şəxsi gündəliyində Vilhelmi "çoxbilmiş və bezdirici adam" kimi təsvir edirdi.
Müharibəni dayandırmaq üçün son şans
Onların nənəsi Kraliça Viktoriya sağ ikən nəvələrini tez-tez bir araya gətirər və nəvələrinin dostluğunu Avropa sülhünün əsas zəmanəti hesab edərdi. Lakin onun vəfatından sonra ailə telləri imperiyaların həris maraqları qarşısında tab gətirə bilmədi.
Birinci Dünya Müharibəsinin başlamasına cəmi bir neçə gün qalmış (29-31 iyul 1914) Villi və Nikki teleqram vasitəsilə ünsiyyət quraraq yaxınlaşan dəhşətli müharibənin qarşısını almağa çalışdılar. Hər iki monarx ordularının səfərbərliyini dayandırmaq istəsə də, artıq hərb maşını işə düşmüşdü. Generalların, hərbi elitanın və siyasi təzyiqlərin qarşısında imperatorlar aciz qaldı. Beləcə diplomatik səmimiyyət, qan bağları imperialist ambisiyalara yenildi.
Xalaoğlunun xəyanəti
Ailə bağlarının və qan qohumluğunun ən acınacaqlı, dramatik sınağı 1917-ci ildə baş verdi. Rusiyada baş verən Fevral inqilabından sonra II Nikolay taxtdan imtina etdi. Rusiya Müvəqqəti Hökuməti çar ailəsinin həyatını xilas etmək üçün onları Britaniyaya göndərmək niyyətində idi.
Böyük Britaniyanın Baş naziri Lloyd Corc bu sığınacağa razılıq versə də, Kral V Corc öz tacını və monarxiyasını riskə atmaqdan qorxdu. Britaniyadakı anti-monarxiya əhval-ruhiyyəsindən və anti-Rusiya dalğasından ehtiyat edən V Corc bir vaxtlar saray dəhlizlərində qaçdı-tutdu oynadığı xalası oğluna və ailəsinə sığınacaq verməkdən imtina etdi.
Bu qərar II Nikolayın, onun həyat yoldaşının və övladlarının bolşeviklər tərəfindən Yekaterinburqda güllələnməsinə səbəb oldu.
Kayzer II Vilhelm isə Birinci Dünya Müharibəsinin son günlərində taxtdan imtina etməyə məcbur oldu və ömrünün qalan hissəsini sürgündə keçirdi.
Kral V Corc əmioğlularından fərqli olaraq taxtını və tacını qoruyub saxlaya bilsə də, ömrünün son illərini ağır xəstəliklərlə keçirdi və 20 yanvar 1936-cı ildə vəfat etdi.
Murad Əhmədov, Bizim.Media



































































































