Ukrayna 2026–2027-ci illərdə ballistik raketlərə qarşı müdafiə sistemini hazırlamağı hədəfləyir.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ballistik müdafiənin hazırlanması və FREYJA antiraket proqramının həyata keçirilməsi ilə bağlı keçirilən müşavirənin yekunlarına dair açıqlamasında bildirib.
Zelenskinin sözlərinə görə, ballistik raketlərdən müdafiə üçün milli sistemin yaradılması Ukraynanın əsas prioritet vəzifələrindən biridir. O qeyd edib ki, bu istiqamətdə əvvəllər yalnız az sayda dövlət uğur əldə edə bilib.
Ukrayna lideri bildirib ki, ölkənin bu layihəni reallaşdırmaq üçün kifayət qədər elmi bazası və texniki imkanları mövcuddur. Onun sözlərinə görə, yerli müdafiə sənayesi müəssisələri də bu səviyyədə layihəni həyata keçirmək üçün lazımi imkanlara malikdir.
"Ümid edirik ki, 2026-2027-ci illərdə Ukrayna lazımi nəticələrə nail olacaq", – deyə Zelenskinin sözlərini Ukrayna mediası sitat gətirib.
Bizim.Media





































































































