2026-cı ilin yanvar-sentyabr aylarında Gürcüstandan 143 Azərbaycan vətəndaşı deportasiya edilib.
Bizim.Media xəbər verir ki, bu barədə BPN nəşri yazıb.
Hesabat dövründə ölkədən ümumilikdə 3 170 əcnəbi deportasiya olunub. Azərbaycan vətəndaşları bu göstəriciyə görə deportasiya edilənlərin sayında altıncı yerdə qərarlaşıb.
Ən çox deportasiya edilənlər Türkiyə vətəndaşları olub. Belə ki, doqquz ay ərzində 791 Türkiyə, 306 Hindistan, 274 Türkmənistan, 254 Rusiya, 180 İran və 143 Azərbaycan vətəndaşı Gürcüstandan çıxarılıb.
Bundan əlavə, hesabat dövründə Çin vətəndaşlarından 119, Pakistan vətəndaşlarından 101, Misir vətəndaşlarından 91, Özbəkistan vətəndaşlarından isə 87 nəfər deportasiya edilib.
Ümumilikdə, 2026-cı ilin ilk doqquz ayında Gürcüstandan deportasiya edilən əcnəbilərin sayı 2025-ci ilin bütün ili üzrə qeydə alınan göstəricidən 2,5 dəfə çox olub. Belə ki, ötən il ölkədən 1 311, 2024-cü ildə isə 363 əcnəbi deportasiya edilib.
Statistikaya əsasən, cari ilin ilk rübündə 904, ikinci rübündə 1 132, üçüncü rübündə isə 1 134 əcnəbi Gürcüstandan deportasiya olunub.
Qeyd edək ki, Gürcüstanda əcnəbilərin deportasiyası hallarının kəskin artması ölkənin miqrasiya və əmək miqrasiyası qanunvericiliyinin sərtləşdirilməsi ilə əlaqələndirilir. Yeni qaydalara əsasən, ölkədə qanuni qalma müddətini aşan, müvafiq viza və ya yaşayış icazəsi olmayan əcnəbilərin müəyyən edilməsi və məcburi qaydada ölkədən çıxarılması mexanizmləri sadələşdirilib. (Trend.az)
Bizim.Media
































































































