Avtomobil həvəskarları daha çox rahatlığına görə start-stop sistemli maşınlara üstünlük verirlər. Amma bəzən unudurlar ki, belə funksiyalı avtomobillərdə akkumulyator seçimi çox vacib məsələdir. Çünki bu avtomobillərdə mühərrik tıxacda və svetoforda avtomatik sönüb yenidən işə düşdüyü üçün akkumulyator daha çox yüklənir. Adi akkumulyatorlardan istifadə edildikdə onların ömrü qısala bilər.
Avtomobil ustaları tövsiyə edir ki, bu cür avtomobillərin tələbinə uyğun AGM və ya EFB tipli akkumulyator seçmək vacibdir. Amma bir məsələ də var ki, bu problemi bütün avtomobil markalar üçün eyni qaydada demək mümkün deyil. Avtomobilin markası, modeli, mühərriki və start-stop sisteminin nəsli daha böyük rol oynayır.
Hansı buraxılış illərində risk daha çoxdur?
Avtomobillər üzrə mütəxəssis Seymur Nağıyev Bizim.Media-ya məsələni belə izah etdi ki, xüsusən də 2016-cı ildən yuxarı olan modellərdə problem özünü daha çox göstərir:
“Start-stop avtomobilə adi akkumulyator qoymaq düzgün deyil. Adi akkumulyator tez-tez mühərrikin söndürülüb yenidən işə salınmasına uyğun hazırlanmayıb, ona görə də tez sıradan çıxır. Hətta cəmi 6-8 ay ərzində xarab olub sahibini xeyli zərərə salar.
Əgər Azərbaycanda əsasən şəhər daxilində, tıxacda sürülən start-stop avtomobilləri üçün akkumulyator seçirsinizsə, ilk növbədə etibarlı və keyfiyyətli istehsalçıya üstünlük vermək lazımdır. Düzgün seçim ən azından 3-4 il maşın sahibini irəli sala bilər”.
Qeyd edək ki, akkumlyatorlar marka və modelinə görə 300-560 manat arasında dəyişir.
Şəfiqə Şəfa, Bizim.Media





























































































