Azərbaycan əsilli rusiyalı müğənni Conidə (JONY - Cahid Hüseynli) ailəvi Aralıq dənizi qızdırması adlı nadir irsi xəstəliyin aşkarlanması barədə məlumat yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Məlumata əsasən, 30 yaşlı müğənninin genetik müayinəsi nəticəsində bu xəstəliyin müəyyən edildiyi iddia olunur. Sənətçi kəskin çəki itirib, qızdırması yüksəlib və sentyabrda xəstəxanaya yerləşdirildikdən sonra yenidən səhhətindən şikayət edib.
Ailəvi Aralıq dənizi qızdırması təkrarlanan qızdırma tutmaları, əzələ, oynaq və qarın ağrıları ilə müşayiət oluna bilən irsi iltihabi xəstəlikdir. Xəstəlik Aralıq dənizi hövzəsi və Cənubi Qafqaz əhalisi arasında daha çox rast gəlinir.
“Mash”ın məlumatına görə, Coni müalicəyə başlayıb. İlkin mərhələdə vəziyyətinin yaxşılaşdığı, sonradan isə yenidən pisləşdiyi bildirilir.
Hazırda müğənninin həkim nəzarəti altında evdə müalicə aldığı qeyd olunur.
Bununla belə, Coninin nümayəndələri “Mash”a açıqlamalarında sənətçinin səhhətində heç bir problem olmadığını bildiriblər.
Bizim.Media






























































































