Azərbaycan türkcəsində təhsil tələbi İranda yenidən səsləndi – Bu dəfə stadionda – VİDEO

Hazırda oxunan: Azərbaycan türkcəsində təhsil tələbi İranda yenidən səsləndi – Bu dəfə stadionda – VİDEO

643872

Təbriz stadionunda futbol matçı zamanı Azərbaycan türkcəsində təhsil tələbinin yenidən səsləndirilməsi, İranda uzun illərdir həllini tapmayan məsələni gündəmə gətirdi. Əslində heç vaxt gündəmimizdən düşməyən, soydaşlarımızın öz ana dilində yazıb-oxumasını istəməyimiz XXI əsrdə niyə hələ də arzu olaraq qalır,  həssasiyyətini itirməyən sualdır. Burada söhbət təkcə hansı dildə dərs keçilməsindən getmir. Onsuz da güneylilər – Təbriz başda olmaqla digər Azərbaycan şəhərlərində doğma dildə danışırlar, bunun qarşısını heç vaxt ala bilməyiblər.

Lakin hər bir xalqın öz ana dilini yazılı və elmi dil kimi inkişaf etdirmək, kimliyini gələcək nəsillərə ötürmək hüququ var. Kiçik ölkələrdə az qala, bir ovucluq azlıqların rahatlıqla əldə etdiyi bu haqqı 40 milyona yaxın soydaşımız ala bilmir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycana qarşı kampaniya, İrandakı türklərə susqunluq – “Tractor”dan SƏRT MESAJ


Azərbaycan türkcəsində təhsil niyə İranı narahat edir?

Bunun cavabı əslində İranın illərin milli kimlik siyasətinə dayanan siyasətində özünü göstərir. Başqa məsələlərdə bir-birinə daban-dabana zidd olan, hətta bir-birinin ətini yeyən şahlarla mollalar Azərbaycan dilində təhsil məsələsində gələndə çox gözəl də anlaşırlar. Fars dilinin Azərbaycan türkcəsi kimi geniş danışılan dilin basqısı altında əziləcəyindən ehtiyat edirlər. Başqa sözlə, İranda milli azlıq milli çoxluqdan çoxdur. Bu da Tehranı narahat edir.

Başqa bir səbəb də ana dilində təhsilin mövcud sistemi kökündən dəyişməsini tələb etməsidir. Ana dilində təhsilin gerçəkləşməsi təkcə məktəbdə həftədə bir neçə saat dərs keçilməsi ilə məhdudlaşmır. Bunun üçün dərsliklər, müəllimlər,  imtahan prosedurları və s. tədrislə bağlı xərclər tələb olunur ki, görünür bu məxaric fars idarəçilərə bütün zamanlarda artıq görünüb.

İran höküməti öz qanunlarını pozur?

İşin qəribə tərəfi də budur ki, İran İslam Respublikası Konstitusiyasının 15-ci maddəsində etnik dil məsələsi problem olaraq görünmür. Maddədə fars dili və əlifbası ölkənin rəsmi dili və yazısı kimi müəyyən edilir. Bununla yanaşı, regional və etnik dillərin mətbuatda, ədəbiyyatda, habelə məktəblərdə tədrisinə icazə verilir.

Deməli, problem qanunda deyil, onun icraatındadır.

Fars dilinin qorunması adı altında əslində başlarını qorumaq dərdidir. Halbuki o başı qorumaq üçün etnik sərbəstlik vermək ən ağlabatanıdır. Azərbaycan türkcəsində təhsil İranı parçalamır, tam əksinə hakimiyyətini başını dinc saxlaya bilər.

Əsrlərdir güney azərbaycanlıları təzyiq altında saxlamağın ən asan yolu kimi tədrisi məhdudlaşdırmaqla nə qazandı? Dil onsuz da öyrənilməyə, şifahi ədəbiyyatın və ünsiyyətin əsas vasitəsi olmağa davam etdi. Əlbəttə ki, böyük bir kütlənin nədəsə məhdudlaşdırılması bunu edənlərə problemdən başqa heç nə gətirməz. Hər il güneylilər bu və ya digər şəkildə məsələni qaldırırlar, hər il buna görə hakimiyyət xərc töküb mühafizə orqanlarını ayağa qaldırır, başqa sözlə hər il tikan üstdədirlər.

Niyə bu dəfə etiraz üçün stadion seçildi?

Güney Azərbaycanın milli oyanışında “Traktor” futbol klubunun rolu danılmazdır. Bu idman qüruru milli iftixara çevrilərək nəinki İranda, hətta dünyanın hər yerində olan güneyliləri birləşdirdi.

Belə desək doğru olar: Təbrizdəki Səhənd stadionu sadəcə futbol meydanı deyil, Azərbaycan türklərinin milli kimliyini ifadə etdiyi platformadır. Burada minlərlə insanın eyni şüarı səsləndirməsi ayrı-ayrı fəalların deyil, daha geniş ictimaiyyətin arzusunu dilə gətirir. Stadiondakı şüarlar sosial şəbəkələr və media vasitəsilə bütün İrana, həmçinin ölkənin hüdudlarından kənara yayılır.

Bəs niyə nəticə görünmür?

Soydaşlarımızın əzmkarlıqla, geri çəkilmədən öz tələbini irəli sürməsi hələ ki nəticəsini vermir. Etirazın miqyası İran siyasətinin dəyişə bilmir. Bu dəfə də stadiondakı şüarların nəyisə dəyişəcəyini demək çətindir. Bir tərəfdən sanksiyalara məruz qalmış, digər tərəfdən müharibənin qanı qurumamış İran səlahiyyətliləri hazırda aqressiv dönəmindədir.

Ona görə də bu milli çağırışın nəticəsini yalnız dərhal hansısa qanunun qəbul edilib-edilməməsi ilə ölçmək düzgün olmaz. Sadəcə ictimai tələbin davamlı şəkildə gündəmdə qalması əhəmiyyətlidir. 



Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin